Dekabrın 28-də Dövlət Film Fondunda Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb.

Sərgi Rusiyadan şəxsi arxivdən Azərbaycan Dövlət Film Fonduna hədiyyə olunmuş olunan nadir fotosənədlər əsasında təşkil edilib.

Tədbir çərçivəsində, həmçinin Dövlət Film Fondu tərəfindən bərpa edilmiş Mikayıl Abdullayev” filminin təqdimatı olub.

Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev bildirib ki, bu Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyi qeyd olunur: “Dövlət Film Fondu rəssamla bağlı həm foto, həm kino irsinin axtarışı ilə məşğul idi və 50 il bundan öncə çəkilmiş “Mikayıl Abdullayev” filmini bərpa etdi və indi onun təqdimatını keçiririk. Eyni zamanda, Rusiyadan şəxsi arxivdən Azərbaycan Dövlət Film Fonduna Mikayıl Abdullayevin 40-a yaxın çox nadir fotolarının neqativləri hədiyyə olundu və biz o neqativlərdən çox unikal şəkillər əldə etdik. Həmin şəkillər sərgidə nümayiş olunur. Eyni zamanda, Azərbaycan Dövlət Rəsm Qalereyasının köməyi ilə rəssamın əsərlərinin fotonümunələri də sərgilənir. Bu, Azərbaycan Dövlət Film Fondunun görkəmli sənətkarın yaradıcılığına bir ithafıdır”.

Qeyd olunub ki, Mikayıl Abdullayevə həsr olunmuş film 1970-ci ildə çəkilib. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin rejissoru Cəmil Fərəcov, ssenari müəllifi Mailə Muradxanova, operatoru Fəramiz Məmmədovdur.

Filmin unikallığı ondadır ki, Mikayıl Abdullayevin tablolarında olan həyatı yığcam şəkildə bu filmdə əks olunur. Bakının 70-ci illəri filmə daha bir gözəllik qatır.

Filmin tarixçəsini danışan Cəmil Quliyev bildirib ki, o zamanlar Dövlət Film Fondunun Bakı prokatında filmin nüsxəsi olsa da, texniki baxımından keyfiyyəti olduqca aşağı idi. Sonradan filmin daha keyfiyyətli nüsxəsi köhnə kinoteatrların birindən əldə olundu və onun əsasında film bərpa edildi. Film yeganə mənbədir ki, Mikayıl Abdullayevin dünyası tam əks olunur.

Rejissor Cəmil Fərəcov ekran əsəri ilə bağlı xatirələrini bölüşüb.

Mikayıl Abdullayevin oğlu Cəmil Abdullayev filmin çəkilişində və bərpa edilməsində iştirak edənlərə təşəkkürünü bildirib. Qeyd edib ki, bu film Mikayıl Abdullayevdən bizə qalan bir irsdir və əbədi olaraq Azərbaycan Dövlət Film Fondunda saxlanılacaq.

Sonra Azərbaycan Dövlət Film Fondunda yenidən bərpa olunmuş “Mikayıl Abdullayev” filmi nümayiş olunub.