Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün Yeni il şənliyi keçirilib.

Muzeydən bildirilib ki, tədbirdə əvvəlcə “Azərbaycan ritmləri” mahnı və rəqs ansamblı, 2 nömrəli Uşaq- gənclər inkişaf mərkəzinin “Təbəssüm” rəqs qrupu çıxış edib.

Sonra muzeyin Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” adlı üçaylıq tədris proqramına qoşulan uşaqların öz əlləri ilə yaratdıqları geyimlər nümayiş olunub.

Həmçinin Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanan, üzərində sənətkara məxsus xalça naxışlarının əks olunduğu geyimlər muzeyin uşaq birliyinin üzvü tərəfindən təqdim olunub. Birlik üzvlərinin rəsm və xalçaçılıq üzrə əl işləri sərgilənib.

Balaca dostlar suvenir xalça, qar adamı yumşaq oyuncağı, yeni il açıqcası hazırlanması, şəddə toxunması üzrə ustad dərslərə qatılaraq, istedad və bacarıqlarını da göstəriblər. Onlar üçün əyləncəli kvest oyunu keçirilib, “Fitnə” kölgə teatrı, “Tıq-tıq xanım” tamaşaları göstərilib.

Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli, H.Sarabski adına 7 nömrəli musiqi məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Tədbir balacalar üçün təşkil olunan əyləncəli, rəngarəng Yeni il şousu ilə başa çatıb.