Azərbaycan uşaq ədəbiyyatına dəyərli töhfələr verən yazıçı, şair Qəşəm İsabəyli Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) Andersen adına fəxri diplomla təltif edilib. Dekabrın 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə bu münasibətlə tədbir keçirilib.

Qeyd edək ki, diplom yazıçının “Keçinin azadlıq nağılı” elektron kitabına təqdim edilib.

Qəşəm İsabəylinin əsərləri uşaqların zehni inkişafına təsir və nitqin təkmilləşməsinə xidmət edən maraqlı ədəbi nümunələrdir. Bədii forma və məzmun axtarışları, orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən Qəşəm İsabəylinin dünya uşaq ədəbiyyatının münsifi sayılan Beynəlxalq Uşaq Kitabı Şurasının fəxri diplomuna layiq görülməsi onun yaradıcılığına verilən yüksək qiymətdir.

Tədbir zamanı Qəşəm İsabəyli haqqında videoslayd təqdim edilib.

Təqdimata görə Respublika Uşaq Kitabxanasına minnətdarlığını bildirən yazıçı Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı fikirləri bölüşüb..

Uşaq yazarları Zahid Xəlil və Eyvaz Zeynalov qeyd ediblər ki, uşaqlar üçün əsər yaratmaq müəllifdən böyük məharət edir. Uşaq ədəbiyyatı nümunələri özünün forma yığcamlığı, məzmun aydınlığı, dil sadəliyi, axıcılıq, oynaqlıq və ahəngdarlığı baxımından böyüklər üçün yazılan ədəbiyyatdan fərqlənir.

Qeyd edək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. İndiyədək Respublika Uşaq Kitabxanasının İBBY-Milli bölməsi tərəfindən İBBY-nin Andersen fəxri mükafatına uşaq yazarlarından Sevinc Nuruqızı, Solmaz Amanova və Xalq rəssamı Arif Hüseynovun əsərləri təqdim edilib.