Xəbər verdiyimiz kimi, ötən il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən xatirə nişanı təsis edilib. Xatirə nişanı “Nizami Gəncəvi İli”ndə fəaliyyəti və yaradıcılığı ilə fərqlənən mədəniyyət, incəsənət, elm və ədəbiyyat xadimlərinə təqdim edilir.

Yanvarın 24-də Mədəniyyət Nazirliyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və  Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova “Nizami Gəncəvi – 880” xatirə nişanının təqdim edilməsi ilə bağlı görüş keçirilib.

Mədəniyyət naziri Anar Kərimov hər iki sənətkarı salamlayaraq qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı mədəniyyətimizin beynəlxalq arenada tanıdılması üçün çox mühüm amildir. Biz bu görkəmli şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi təkcə Azərbaycan şairi deyil, o həm də ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir.

Diqqətə çatdırılıb ki, dahi şairin 880 illiyi ilə əlaqədar elan olunan “Nizami Gəncəvi İli”ndə müxtəlif layihələr həyata keçirilib, çoxlu tədbirlər, konsertlər, tamaşalar təşkil edilib. Əlamətdar ilin yaddaqalan tədbirləri sırasında Nizami Gəncəvi Beynəlxalq Festivalı və Nizami Gəncəvi Beynəlxalq Forumu xüsusi qeyd edilməlidir. Bu çərçivədə keçirilən tədbirlərdə dahi şairin zəngin yaradıcılığının müxtəlif istiqamətlərindən geniş söz açıldı, yeni elmi faktlar qeyd olundu.

Bundan əlavə, il ərzində ayrı-ayrı ölkələrdə şairin abidələri qoyuldu. Nizami Gəncəvi təkcə ədəbi-mədəni hadisə deyil, o həm də xalqları, ölkələri yaxın edən mədəni-siyasi önəmə malik fenomendir.

Daha sonra mədəniyyət naziri Ömər Eldarova və Fərhad Bədəlbəyliyə “Nizami Gəncəvi – 880” xatirə nişanlarını təqdim edib.

***

Yanvarın 24-də Azərbaycan Milli Kitabxanasında bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrin, habelə yazarların və incəsənət xadimlərinin “Nizami Gəncəvi – 880” xatirə döş nişanı ilə  təltif olunması münasibətilə mərasim keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə böyük ehtiramının, milli kimliyə sadiqliyinin sübutudur. “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev bildirib ki, xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir.

Daha sonra Elnur Əliyev mərasimə dəvət olunanlara “Nizami Gəncəvi – 880” xatirə nişanlarını təqdim edib. Təltif olunanlar arasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və başqa elm, mədəniyyət xadimləri var.