“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Qarabağ: tarixi-mədəni irsimizdən” adlı kitab nəşr edilib.

Kitabda Qarabağın tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühiti, musiqi və teatr sənəti  haqqında məlumatlar verilib.

İdarədən verilən məlumata görə, kitabda Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənib. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, Qarabağ memarlıq məktəbi banilərinin adları tarixə salınıb.

Nəşrdə həmçinin Qarabağın qədim dövrlərdən bəri, əsrlər boyunca bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş bəhs olunur, Qarabağda ədəbi mühitin formalaşması, görkəmli ədib və  mütəfəkkirlər, xanəndələr və başqa yaradıcı insanlar haqqında söz açılır.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər də kitabda əksini tapıb.