YARAT Müasir İncəsənət Məkanı “YARAT Təhsil” proqramı çərçivəsində “Müasir incəsənət məktəbi” layihəsinə başlayır. Əməkdar rəssam, kurator Sabina Şıxlinskayanın rəhbərlik edəcəyi birillik kursun yekununda müasir incəsənətin rəssamlıq, kuratorluq, art-menecer, art-tənqidçi və tədqiqatçı sahələri üzrə mütəxəssislərə sertifikatlar veriləcək.

Layihə həm nəzəri, həm də praktiki hissələrdən ibarətdir. Birinci mərhələ 6 aylıq intensiv nəzəri proqramı nəzərdə tutur. Proqram çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltəraşlıq, kollaj, animasiya və s. kimi janrları üzrə mühazirələr keçiriləcək. Həmçinin bir sıra qalereya, muzey və incəsənət məkanlarında görüşlər və müzakirələr təşkil ediləcək.

Nəzəri mərhələdən sonra yekun sərgiyə sərginin ideya və konsepsiyalarının təqdimatı, tədqiqatların aparılması, büdcənin hazırlanması, quraşdırılması, yekun sərginin açılışı daxildir.

Qəbul müsabiqə əsasında aparılacaq. Dərslər həftədə 3 dəfə keçiriləcək.