Moskvada keçirilən sərgidə Azərbaycan da təmsil olunub

 

Azərbaycan Moskvada keçirilən  “Birlik ölkələri xalqlarının musiqi folkloru” adlı sərgidə təmsil olunub.

2022-ci il Müstəqil Dövlətlər Birliyində (MDB) “Xalq yaradıcılığı və mədəni irs ili” elan edilib. Bu barədə qərar 2021-ci ilin 12 noyabrında MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında qəbul olunub. İclasda bununla bağlı 2022-ci ildə tədbirlərin keçirilməsi üzrə plan layihəsinin təsdiq ediləcəyi gözlənilir.

Tematik il çərçivəsində MDB-yə üzv ölkələrdə xalq sənəti və folkloruna həsr olunan çoxsaylı layihə və tədbirlər planlaşdırılıb.

Bu qəbildən ilk tədbir kimi Moskvada Rusiya Dövlət Kitabxanası, MDB ölkələrinin milli diasporları, o cümlədən “Azərbaycan Konqresi”nin Moskva regional təşkilatının iştirakı ilə hazırlanmış “Birlik ölkələri xalqlarının musiqi folkloru” adlı sərgi açılıb.

Burada MDB ölkələri xalqlarının musiqi folklorunun parlaq nümunələri sərgilənir. Sərgidə mövzu üzrə Azərbaycanda nəşr olunan kitablar və milli musiqi alətləri də nümayiş etdirilir.

Ekspozisiyanın açılışında azərbaycanlı rəqqaslar “Naz eləmə”, “Uzundərə” milli rəqslərini ifa edib.

Rusiya Dövlət Kitabxanasının prezidenti Viktor Fyodorov çıxışında müxtəlif xalqların yaxınlaşmasına və bir-birilərini daha yaxşı tanımağa şərait yaradan layihənin əhəmiyyətini qeyd edib.