Fevralın 2-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gənclər Günü münasibətilə konsert proqramı təqdim olunub.

Konsertdə məktəbin fortepiano, vokal, orkestr alətləri, xalq çalğı alətləri şöbələrinin müəllim və şagirdləri çıxış ediblər.

Gecədə F.Sücəddinovun “Vətən balladası”, Karl Bomun “Sarabanda”, “Eynuri” rəqsi, F.Əmirovun “Məhəbbət rəqsi”, T.Quliyevin “Sevgi valsı”, T.Bakıxanovun “Ballada”, F.Şopenin “Vals”, “Por una Cabeza” və s. əsərlər təqdim edilib.

Bayram konsertində kollektivin “Por una Cabeza” əsərinin ifası zamanı maraqlı vəziyyət yaşanıb.

Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusiflinin qəflətən zaldan ifaçılara qoşularaq həmin nömrəni klarnetdə səsləndirməsi iştirakçılar üçün əsl sürpriz olub.

Gecənin təşkilatçısı və aparıcısı Mərkəzi İncəsənət Məktəbi Fortepiano şöbəsinin müəllimi, respublika və beynəlxalq müsabiqələr laureatı Mətanət Nurullayeva olub. Konsert proqramı alqışlarla qarşılanıb.