Təşkilatın Azərbaycanda regional ofisi məsələsi də müzakirə olunub

 

Fevralın 2-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə videokonfans formatında görüş keçirilib.

Onlayn görüş zamanı Azərbaycan və İCESCO arasındakı mədəniyyət sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bu kontekstdə gələcəkdə İCESCO-nun Azərbaycanda regional ofisinin təsis edilməsi və təşkilatın ekspertlərdən ibarət texniki missiyasının yaxın müddətdə ölkəmizə mümkün səfəri müzakirə edilib. Eyni zamanda Mədəniyyət Nazirliyinin mədəniyyətlərarası dialoq istiqamətində olan təşəbbüsləri, xüsusilə “Mədəniyyət naminə sülh” qlobal kampaniyası çərçivəsində görülən işlərə dair qarşı tərəfə məlumat verilib və İCESCO-nun bu kampaniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib.

Onlayn görüş barədə İCESCO da məlumat yayıb. Məlumatda bildirilir ki, Salim bin Məhəmməd əl-Malik Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, üzv ölkələrlə birgə fəaliyyət üzrə yeni strategiya çərçivəsində hər bir dövlətin xüsusiyyətləri nəzərə alınmaqla yeni birgə proqramlar həyata keçiriləcək.

Mədəniyyət naziri Anar Kərimov ölkəmizin İCESCO ilə əlaqələrinin əhəmiyyətindən bəhs edib, təşkilatın mədəniyyət sahəsinə, o cümlədən İslam irsinin mühafizəsi, sivilizasiyalararası dialoqa verdiyi töhfələri vurğulayıb.

Görüşdə İCESCO və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında həyata keçiriləcək proqramlar və layihələrə dair fikir mübadiləsi aparılıb.