Rejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”) bədii-sənədli filmi ötən il və bu ilin əvvəllərində ABŞ, İspaniya, Rusiya, BƏƏ və Hindistanın müxtəlif beynəlxalq kinofestivallarında iştirak edərək uğur qazanıb.

“Yaradanlar” filmi görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar. Filmdə diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.

Qeyd edək ki, “Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri, professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.