Mədəniyyət naziri Anar Kərimov bu günlərdə 92 yaşını qeyd edən Xalq artisti, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovu doğum günü münasibətilə təbrik edən Anar Kərimov onun Azərbaycan incəsənətində xüsusi rolunu vurğulayıb. Nazir ustad xanəndənin bənzərsiz ifası ilə yanaşı, müəllifi olduğu mahnıların dillər əzbərinə çevrildiyini deyib. Əlibaba Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində iştirak etdiyini vurğulayan nazir sənətkara möhkəm cansağlığı arzulayıb.

Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində doğulub. Sənətkar milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, mahnı və təsniflər bəstələyib.

Əlibaba Məmmədovun ən məşhur bəstələrindən biri Hüseyn Arifin sözlərinə yazdığı “Yaşa hələ...” mahnısıdır.

İlləri yola salmışam,
Mahnı qoşub, saz çalmışam.
Ömür deyir qocalmışam,
Ürək deyir yaşa hələ...