AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) böyük Azərbaycan mütəfəkkiri, riyaziyyatçı və astronom Nəsirəddin Tusinin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.

AMEA-dan verilən məlumata görə, tədbirdə əvvəlcə Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru Əli Babayev Nəsirəddin Tusinin “Əsasül-iqtibas” (“İqtibasın əsasları”) əsəri haqqında danışıb. Bildirib ki, Tusinin fars dilində qələmə aldığı “Əsasül-iqtibas” əsəri məntiq elmi üzrə yazılmış ən mükəmməl kitablardan hesab olunur.

Diqqətə çatdırılıb ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan riyazi irsinin tədqiqi şöbəsi fəaliyyətə başlayandan sonra Tusinin bir neçə əsəri dilimizə tərcümə edilib. Bu kitablar riyaziyyat, astronomiya, məntiq və digər elmlərə aid olduğu üçün fars və ərəb dilləri üzrə tərcüməçilərlə yanaşı mütəxəssislərin də köməyindən istifadə edilib.

Əli Babayev qeyd edib ki, Nəsirəddin Tusi kimi dahi şəxsiyyətin irisini araşdırmaq çətin olsa da, qürurvericidir.

MEK-in baş direktoru, professor Məmməd Əliyev Azərbaycanın hər zaman ensiklopedik biliyə malik tarixi şəxsiyyətlər yetişdirdiyini deyib, N.Tusinin bu sırada xüsusi yerə malik olduğunu bildirib. O, “Əsasül-iqtibas” əsərinin gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunaraq bu istiqamətdə aparılan araşdırmaların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sumqayıt Dövlət Universitetinin baş müəllimi Əli Rzazadə Qərb və Şərqin N.Tusi yaradıcılığına olan münasibətindəki fərqlərdən bəhs edib. O, Qərb tədqiqatçılarının Tusini yanlış olaraq “ateist” kimi təqdim etdiyini bildirib. Qeyd edib ki, böyük mütəfəkkir əsərlərində təkamül dedikdə insanın mənəvi təkamülünü nəzərdə tutub, hər zaman mənəvi dəyərlərə sadiq olub.

AMEA Rəyasət Heyəti Aparatı Təhsil şöbəsinin müdiri dosent Ələddin Məlikov “Əsasül-iqtibas” əsəri haqqında bəzi qeydlərini təqdim edərək dahi alimin elmdə ərsəyə gətirdiyi yenilikləri aşkara çıxarmağın vacibliyindən danışıb. Bildirib ki, Tusinin məntiqə dair yazdığı 5 əsas əsərindən biri olan “Əsasül-iqtibas” Aristotel məntiqini özündə əks etdirən ən sanballı kitabdır və dünyada riyazi məntiq əsərləri sırasında xüsusi yerə malikdir.