Gənclər üçün Prezident mükafatçılarının qısa uğur hekayələri

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 1-də “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər gənc Gənclər üçün Prezident mükafatlarına layiq görülüb.

Xatırladaq ki, Gənclər üçün Prezident mükafatı dövlət başçısının 2013-cü il 2 iyul tarixli fərmanı ilə təsis edilib. Fərmana əsasən, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat, incəsənət, eləcə də təhsil, ictimai fəaliyyət və digər sahələrdə nailiyyətlərini təşviq etmək məqsədilə təsis edilən mükafat ildə bir dəfə verilir. Mükafatın məbləği 10 min manatdır.

Yeni mükafata layiq görülmüş gənclərimizi siz də tanıyın.

***

Mükafatçılar sırasında iki yaradıcı gənc var: violonçel ifaçısı Orxan Hüseynov və kinorejissor Azər Quliyev.

Orxan İsa oğlu Hüseynov 1999-cu ildə Bakıda anadan olub. 2016-cı ildə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbini, 2020-ci ildə isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İfaçılıq fakültəsində bakalavr (“Sabah” qrupları) pilləsini bitirib. Hazırda BMA-da eyni istiqamət üzrə (professor Nəzmiyyə Abbaszadənin sinfi) magistr təhsilini davam etdirir.

Təhsil müddətində Leonid Kerbel, Jerome Pernoo, Vladimir Perlin, Christian Poltera, Alen Meunier, Alexandr Chidchavadze, Yuko Miyaqawa, Aleksey Seleznyov, Petr Prause, Klaudio Marini, Pierluigi Rugierre kimi məşhur ifaçılardan ustad dərsləri alıb. Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Kamera Orkestri ilə birlikdə konsertlərdə çıxışlar edib. Həmçinin Paris, Berlin, Moskva, Tbilisi və s. şəhərlərdə konsertlərdə səhnəyə çıxıb. 2016-cı ildə Prezident təqaüdünə layiq görülən musiqiçinin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. 2018-ci ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”nın laureatı olub.

Orxan Hüseynov 2020-ci ildən BMA-nın “Baku Chamber Orchestra” – gənclər kamera orkestrinin, 2021-ci ildən isə “cadeNZa” orkestrinin üzvüdür.

***

Azər Alik oğlu Quliyev 1997-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kino tənqidi üzrə bakalavr və magistr (fərqlənmə diplomu) təhsili alıb.

Rejissorun “Pa-Pa” adlı ilk filmi Qazaxıstanda Avrasiya Beynəlxalq Film Festivalında, Gürcüstanın Batumi şəhərində keçirilən Beynəlxalq “Art-House” Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub. 2021-ci ildə gənc rejissorun “Təngnəfəs” filmi Avropanın nüfuzlu kinoforumlarından sayılan Sarayevo Film Festivalının əsas müsabiqə proqramında dünya premyerasını edib. Film Bişkek şəhərində MDB ölkələrinin “Ümid” kinoforumuna, Minsk şəhərində keçirilən “Listopad” film festivalına, “Moskva premyerası” adlı MDB ölkələri arasında keçirilən film festivalına da dəvət alıb və maraqla qarşılanıb.

Azər Quliyev 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük Qayıdış” adlı pitçinq layihəsinə “Mozalan” studiyası adından “İkinci planetin qırmızı rəngi” adlı layihə ilə qatılıb və qaliblər sırasında yer alıb.

***

Gənclər siyasəti və gənclərlə iş üzrə mükafat alanlardan Əziz Kamal oğlu Qasımov 1996-cı ildə Naxçıvan şəhərində anadan olub. 2013-cü ildə Şərur Türk Liseyini, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını, 2019-cu ildə isə həmin universitetin dövlət hüququ ixtisaslaşması üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

Təhsil aldığı dövrdə universitetin ictimai həyatında fəal iştirak edib, bir çox layihənin rəhbəri, ideya müəllifi, təşkilatçısı olub. 2018-ci ildə Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb. 2020-ci ildən Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasında müəllim işləyir. Eyni zamanda universitetin Gənclər Təşkilatının sədridir.

***

Azər Ruslan oğlu Əliyev 1993-cü ildə Gəncə şəhərində anadan olub. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadi münasibətlər fakültəsini dünya iqtisadiyyatı ixtisası üzrə bitirib. 2012–2013-cü illərdə Polşa və Moldovada (hər birində iki ay) beynəlxalq təcrübə proqramlarında təlimçi və təcrübəçi olaraq fəaliyyət göstərib. 2017-ci ildə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində könüllülər üzrə koordinator işləyib. 2018–2019-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (NAYORA) proqram koordinatoru, daha sonra isə yerli layihələr üzrə katib olaraq çalışıb. 2020-ci ildən etibarən isə NAYORA-nın sədridir.

***

İctimai və sosialyönümlü fəaliyyət üzrə Gənclər mükafatına Emiliya Polad qızı Bayramova layiq görülüb. O, 1998-ci ildə Bakıda anadan olub. UNEC-də beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. 2016-cı ildə Bakıda 1 saylı “ASAN Xidmət” Mərkəzində könüllü olaraq əmək fəaliyyətinə başlayıb. Daha sonra “ASAN Könüllüləri” Təşkilatında Beynəlxalq əlaqələr və təşkilatlarla iş departamentində fəaliyyət göstərib. 2018-ci ildə Avropada təcrübə proqramının qalibi olaraq Avropa Parlamentində təcrübə keçib. 2019-cu ildə Türkiyə Gənclər və İdman Nazirliyi və Türk Şurasının (hazırda Türk Dövlətləri Təşkilatı) İstanbulda təşkil etdiyi III Gənclər Festivalının iştirakçısı olub.

Emiliya Bayramova hazırda “ASAN Könüllüləri” Təşkilatının sədri, eyni zamanda Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi kimi fəaliyyət göstərir.

***

Elm və təhsil üzrə bu mükafata AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kiçik elmi işçisi Lalə Əhməd qızı Axundova layiq görülüb.

1993-cü ildə Bakıda anadan olan Lalə Axundova 2014-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini genetika ixtisası üzrə bitirib. 2015-ci ildə Hollandiyanın Wageningen Universitetinin tibbi biologiya ixtisası üzrə magistr proqramına, 2018-ci ildə isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktoranturasına qəbul olunub. 2020-ci ildə Prezident yanında Elmin İnkişafı Fondunun elan etdiyi gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə təqdim olunan “Xərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənməsi” adlı qrant layihəsində icraçı kimi iştirak edib. 2021-ci ildə MBBİ-nin yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.

***

Əliqənbər Yadigar oğlu Xəlilli elm və təhsil sahəsi üzrə mükafata layiq görülüb. Hazırda Amerikanın “TopTal” şirkətində süni intellekt üzrə aparıcı mühəndis olaraq fəaliyyətini davam etdirir. Əliqənbər 6 iyul 1994-cü ildə Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. 2011- 2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2016-cı ildən etibarən dünyaca məşhur kompüter elmləri bloqlarında (Geeks for Geeks, Codeforces, MİT Technology Review və s.) faydalı kontentin yaradılması ilə məşğuldur. 2017-2021-ci illərdə “Azercell Telecom” şirkətində proqramçı mühəndis, məhsul və servislərin idarəolunması qrupunun texniki koordinatoru və həmin qrupun rəhbəri vəzifəsində çalışıb. 2020-ci ildə Vətən müharibəsi dövründə “Azercell Telecom” şirkətində məhsul və servislərin idarəolunması qrupunun rəhbəri olaraq 5 milyondan çox abunəçiyə telekommunikasiya xidmətlərinin fasiləsiz və keyfiyyətli təmin edilməsində aktiv rolu olub.

***

İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə mükafata layiq görülən Səyyarə Müşfiq qızı Gülalıyeva Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Hazırda Sapienza Roma Universitetində (İtaliya) beynəlxalq inkişaf və kooperasiya ixtisası üzrə magistr təhsili alan Səyyarə eyni zamanda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində mütəxəssis vəzifəsində işləyir.

Bir müddət könüllülük fəaliyyəti göstərib, müxtəlif inkişaf və təcrübə proqramlarında, təlim və seminarlarda, regionlarda həyata keçirilən sosial və tibbi aksiyalarda, layihələrdə, beynəlxalq layihələrdə fəal iştirak edib. Səyyarə Gülaliyeva 2019-cu ildə Rusiyanın Soçi şəhərində dünyanın 80-dən çox ölkəsindən 5000 gənc könüllünü əhatə edən Dünya Könüllü Forumunun da iştirakçısı olub.

***

Gənclər mükafatına layiq görülənlər arasında 44 günlük Vətən müharibəsinin iştirakçısı da var: Coşqun Hikmət oğlu Hidayətov. Gənclərin İnkişaf və Karyera Mərkəzi Abşeron nümayəndəliyinin direktoru olan Coşqun Sumqayıt Dövlət Universitetinin məzunudur.

C.Hidayətov mükafata layiq görülməsi ilə bağlı fikrilərini bölüşərkən deyib: “İlk dəfə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdim. Bizim missiyamız təkcə Vətən müharibəsində iştirakla yekunlaşmır. Bundan sonra Qarabağın dirçəldilməsi, həmçinin Azərbaycan gənclərinin bilik və bacarıqlarının daha da artırılması, düşmənlə informasiya cəbhəsində daha istiqamətli mübarizə aparmaq üçün işlərimiz davam edəcək... Hər kəs fəaliyyət göstərdiyi sahədə işini düzgün icra edirsə, o, Vətənə xidmət edir. Əldə etdiyim uğurların sirri məhz Vətənə sevgidir. Vətən üçün göstərilən xidmətlər, bu gün də olmasa, mütləq sabah dəyərləndirilir”.

***

Suad Rəşad oğlu Muradov innovasiya və sahibkarlıq sahəsi üzrə mükafata layiq görülüb. Suad ADA Universitetini beynəlxalq araşdırmalar ixtisası üzrə bitirib. Hazırda ABŞ-ın Duke Kunshan Universitetində ətraf mühit siyasəti üzrə magistr təhsili alır. Bir neçə beynəlxalq proqramın iştirakçısı olub. Həmçinin Azərbaycanda Amerika Ticarət Palatasında təcrübə keçən Suad ünsiyyət, bacarıqların artırılması, akademik yazılar, münaqişələrin idarə edilməsi, satışın təşviqi və məhsulun rebrendinqi kimi sahələrdə çoxlu təcrübə qazanıb. İqlim dəyişikliyi və davamlı istehlak haqqında məlumatlılığın artırılması ilə bağlı tədbirlərdə fəal iştirak edir.

Mükafata layiq görülən bütün gənclərimizi təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.

Nurəddin Məmmədli
Lalə Azəri