Azərbaycan dilçilik elminin fundamental istiqamətləri üzrə sanballı tədqiqatlar aparmış alimlərimiz arasında Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin də adı hörmətlə çəkilir. Görkəmli alim ardıcıl və əhatəli araşdırmaları və qiymətli əsərləri ilə elmi məktəb yaradan tədqiqatçılarımızdan olub.

Əlövsət Zakir oğlu Abdullayev 17 fevral 1920-ci ildə Şamaxı rayonunun Məlikçobanlı kəndində dünyaya göz açıb. İbtidai təhsilini burada alır, Ucar rayonunun Yuxarı Şilyan kənd orta məktəbini bitirir. 1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna qəbul olunan Əlövsət 1939-cu ildə əla qiymətlərlə təhsilini başa vurur. Bir il kənddə müəllim işlədikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil olur.

İkinci kursda oxuyarkən II Dünya müharibəsi başlayır. Təhsilini yarımçıq qoyur və cəbhəyə gedir. Ağır döyüşlərin birində yaralanır. Sağaldıqdan sonra döyüş üçün yararlı bilinmir və  ordudan tərxis olunur. Doğma kəndinə qayıdır, 1942-1946-cı illərdə Məlikçobanlı kənd orta  məktəbində direktor işləyir. Müharibə başa çatdıqdan sonra universitet təhsilini davam etdirir. Ali məktəbdən məzun olduqdan sonra aspiranturaya qəbul edilir, elmi tədqiqata başlayır. 1954-cü ildə “Müasir Azərbaycan dilində xüsusiləşmələr” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası, 1963-cü ildə isə “Müasir dilçilikdə tabeli mürəkkəb cümlələr” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

Ömrünün 40 ilini təhsil aldığı universitetə həsr edən Əlövsət Abdullayev müəllimlikdən  professorluğadək yol keçir. O, 1962-1967-ci illərdə Filologiya fakültəsində dekan, 1972-1976-cı illərdə prorektor, 1967-1985-ci illərdə isə Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifələrində çalışır.

Alim dilçilik elminin müxtəlif sahələrində: sintaksis, morfologiya, orfoepiya, etimologiya, nitq mədəniyyəti ilə bağlı araşdırmalar aparıb. Azərbaycan dilinin aktual məsələləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifi və ya həmmüəllifi olub. Ə.Abdullayev tərəfindən xüsusiləşmə və əlavə kateqoriyalar, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələrin tərkib hissələrinin transformasiya hadisəsinə uğraması və digər məsələlər işlənib, ali məktəb proqramlarına daxil edilib.

Araşdırmalarda qeyd edilir ki, görkəmli alimin etimologiya üzrə işləri keçmişə, tarixin yaddaşına əsl səyahət kimi yenilik ruhu, arqumentlərinin əhatəliliyi, əsaslılığı ilə bu sahədə əvvəllər aparılmış tədqiqatlardan fərqlənir.

Mütəxəssislər alimin “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyasını gərgin axtarışların bəhrəsi kimi dəyərləndiriblər. Eyni zamanda əsər ölkə türkoloqları tərəfindən böyük maraqla qarşılanıb. Ə.Abdullayev iki böyük akademik nəşrin – “Azərbaycan dilinin qrammatikası” və “Müasir Azərbaycan dili”, eləcə də dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin müəlliflərindən biri olub. “Müasir Azərbaycan dili” dərsliyinə görə alim 1974-cü ildə Dövlət mükafatına layiq görülüb. 1992-ci ildən isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Ə.Abdullayevin elmi araşdırmaları dərslik və dərs vəsaitləri kimi nəşr olunub, tələbə və  müəllimlərin etibarlı istinad yerinə çevrilib. Bir çox görkəmli alim özünü onun elmi məktəbinin yetirməsi hesab edib.

Tanınmış alim AMEA Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun elmi şuralarının, Azərbaycan Ensiklopediyası redaksiya şurasının, Azərbaycan Dilinin Tətbiqi və Əlifba Komissiyası və digər elmi şuraların üzvü kimi aktiv fəaliyyət göstərib. Həmçinin Bakı Dövlət Universitetinin “Elmi əsərləri”nin “Dil və ədəbiyyat” seriyasının baş redaktoru olub. Kadr hazırlığı sahəsində də diqqətəlayiq işlər görən alimin elmi rəhbərliyi ilə 23 nəfər namizədlik, üç nəfər doktorluq dissertasiyası müdafiə edib.

Ə.Abdullayev tək respublikamızda deyil, onun hüdudlarından kənarda da elmi əsərləri ilə tanınıb. Ümumittifaq və beynəlxalq məclislərdə Azərbaycan dilçilik elmini layiqincə təmsil edib. Müxtəlif illərdə Bakı, Moskva, Sankt-Peterburq, Səmərqənd, Kazan və Tiflis şəhərlərində  keçirilən elmi konfranslarda, Berlin, Ankara, İstanbul, Daşkənd şəhərlərində beynəlxalq türkologiya konqreslərində məruzələrlə çıxış edib.

Dilçi alim 1972-ci ildə Türk Dil Qurumunun dəvəti ilə Ankarada I türk dili qurultayında iştirak edir. Orada qurultayın Mahmud Kaşğarlı bölməsini açmaq və birinci iclası idarə etmək şərəfi ona qismət olur. Açılışdakı nitqi və oxuduğu məruzə qurultayın materiallarında çap edilir. O, 1983-cü ildə Türk Dil Qurumunun müxbir üzvü, bir il sonra isə həqiqi üzvü seçilir.

Azərbaycanda dilçilik elmi sahəsində söz sahibi olan, məktəb yaratmış Əməkdar elm xadimi Əlövsət Abdullayev 28 may 1993-cü ildə Bakıda vəfat edib. Vəfatından üç il sonra Türk Dil Qurumu onun “Türk dillərinin tarixi inkişafı məsələləri” adlı kitabını Ankarada nəşr etdirib. Bu monoqrafiyanın elmi əhəmiyyəti nəzərə alınaraq 2007-ci ildə təkrar çap olunub.

Savalan Fərəcov