Azərbaycan dilində ilk dərs vəsaiti

 

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki Şəki Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə “Turizm destinasiyalarının idarə edilməsi” kitabı nəşr olunub. Fevralın 4-də Azərbaycan Turizm və Menecment Universitetində kitabın təqdimatı keçirilib.

DTA sədrinin müşaviri Kənan Quluzadə yeni kitabın dərs vəsaiti olaraq tələbələrin turizm destinasiyaları üzrə əldə edəcəyi nəzəri biliklərə dəstək olacağını deyib. Bildirilib ki, kitab 7 müəllifin iştirakı ilə hazırlanıb.

ATMU-nun tədris işləri üzrə prorektoru Zaur Bağırov kitabın turizm sahəsində təhsil alan tələbələr və akademik heyət üçün əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bundan əvvəl turizm destinasiyaları mövzusu üzrə Azərbaycan dilində bilik mənbələrinin, dərs vəsaitlərinin azlığı müəllimlərə, eləcə də tələbələrə mövzunu mənimsəməkdə çətinliklər yaradırdı. Yeni nəşr bu mövzu ilə əlaqəli Azərbaycan dilində ilk dərs vəsaitidir.

Dərslik ölkənin turizm təhsili verən tədris müəssisələrinin kitabxanalarına paylanılacaq.