“Danışır Şuşa”

 

Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, “AzerNyuMedia” şirkəti və “Avto FM”in birgə layihəsi olan “Danışır Şuşa” radio proqramı növbəti həftədən efirə çıxacaq.

Layihə hər həftənin cümə günü “Avto FM” (107.7) radiosunun efirində yayımlanacaq. İlk buraxılış isə 18 fevralda efirə gedəcək.

Layihə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərə həsr olunacaq.

Layihədə əsas məqamlardan biri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Qarabağda, xüsusilə Şuşada apardığı mədəni monitorinqlər barədə məlumatların təqdim edilməsidir.

“Danışır Şuşa” layihəsinin hər buraxılışı beş bölmədən: “Şuşa kimi tarix”, “Şuşa tərzi”, “Qafqaz mirvarisi”, “Zəfər yolu”, “Unutma” rubrikalarından ibarətdir.

Layihənin rəhbəri Kamran Qasımov, aparıcısı RJ Yaqut, səs supervayzeri Yaşar Baxış, məsləhətçisi tarixçi Elçin Əhmədovdur.