Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün səylərini artırır

 

Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Əvvəlcə Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın hökumət başçısı Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb.

Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmiryolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələlərini xüsusi qeyd edib. Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini diqqətə çatdırıb.

Qeyd edilib ki, 2020-ci ildə 44 günlük müharibə başa çatandan bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər yaralanıb.

Görüşdə həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib.

***

Videokonfrans rejimində dördtərəfli görüş Azərbaycanın regionda davamlı sülh və istiqrarın bərqərar olunması istiqamətində ardıcıl səy göstərdiyini, eyni zamanda Avropa İttifaqının bu istiqamətdə fəallığını artırdığını nümayiş etdirir. Fransa rəhbərliyinin də axır vaxtlar bu prosesə aktiv qoşulması rəsmi Parisin 44 günlük müharibə zamanı və sonrakı aylarda nümayiş etdirdiyi aşkar qərəzli siyasətdən artıq daha realist siyasətə keçmək niyyətini göstərir. İndi qalır bu xüsusda Ermənistan tərəfin gerçək sülh və istiqrara nə dərəcədə meyli olduğunu nümayiş etdirməsi.

Qeyd edək ki, Azərbaycan bu istiqamətdə daha bir humanist addım ataraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi də Birinci Qarabağ müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

***

Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsi Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra müsbət irəliləyişlərin daha bir göstəricisidir.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “Twitter” hesabında paylaşımında bildirib.

Şarl Mişel Avropa İttifaqının regionda sabitliyi və rifahı dəstəklədiyini bir daha vurğulayıb.

***

Yeri gəlmişkən, Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makronun fevralın 7-də Kremldə keçirilmiş görüşündə Qarabağla bağlı da müzakirələr aparılıb.

Bunu Vladimir Putin danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.

Görüşdən sonra təşkil olunmuş mətbuat konfransında Rusiya rəhbəri bildirib ki, fransalı həmkarı ilə Qarabağ ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, atəşkəsə nəzarət edən və dinc həyatın nizama salınmasını təmin edən sülhməramlıların müsbət rolu qeyd olunub. Tərəflər ATƏT-in Minsk qrupunun regionun sosial-iqtisadi problemlərinin həllində əhəmiyyətli rolunu qeyd ediblər.

Rusiya rəhbəri qeyd edib ki, Fransa Prezidenti fevralın 4-də Azərbaycan və Ermənistan rəhbərləri ilə keçirilən videokonfrans barədə də məlumat verib.

Emmanuel Makron öz növbəsində Rusiya sülhməramlı kontingentinin Qarabağ ətrafında vəziyyətin sabitləşməsində rolunu vurğulayıb.