“Media haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. 2021-ci il 30 dekabr tarixində Milli Məclisdə qəbul olunan qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb və fevralın 8-də rəsmi mətbuatda (AZƏRTAC) dərc olunub.

Prezident İlham Əliyev fevralın 8-də “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Fərmanda “Media haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının (bundan sonra – Şura) yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini, “Media haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti həmçinin üç ay müddətində qanunun 30.1-ci maddəsində (yayım funksiyası daşıyan audiovizual yayımçı ilə bağlı) və 59.2-ci maddəsində (çap mediası subyektinin təsisçisi ola biləcək dövlət orqanları ilə bağlı) nəzərdə tutulmuş siyahıya dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bundan əlavə, Nazirlər Kabineti qanunun 73.6-cı maddəsinə uyğun olaraq, Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, 29.4-cü və 33.5-ci maddələrdə nəzərdə tutulmuş xidmət haqlarının məbləğini, eləcə də 70.1-ci maddəyə uyğun olaraq, jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydasını  Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Nazirlər Kabineti qanunun 73.8-ci maddəsinə uyğun olaraq, Media Reyestri şəhadətnaməsinin formasını da təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi qanunun 73.1-ci maddəsinə uyğun olaraq, Media Reyestrinin yaradılmasını Azərbaycan Respublikasının 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla altı ay müddətində təmin etməli və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

Fərmanda qeyd olunur ki, qanunda nəzərdə tutulan Azərbaycan Respublikası Audiovizual Şurası Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı yeni şuraya keçir. Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər.

Nazirlər Kabineti Şuranın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini bir ay müddətində həll etməlidir.