İki dəfə pandemiya üzündən təxirə salınan forum bu il keçirilə bilər

 

Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda iştirak edəcək.

Forumun rəhbəri Yeqor Moskvin bu barədə Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşündə bildirib. Azərbaycandan başqa Almaniya və Fransa da budəfəki Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun qonaq ölkələri olacaq.

Yeqor Moskvinin sözlərinə görə, forumun dörd əsas istiqamətdə – incəsənət, muzeylər və mədəni irs, kino, həmçinin kreativ sənaye istiqamətlərində təşkil olunması nəzərdə tutulur.

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ölkələr tərəfindən foruma həm rəsmi şəxslərin, həm də intellektual və yaradıcı elitanın göndərilməsinin mühümlüyünü qeyd edib. O deyib: “Postpandemiya reallıqları forumun gündəliyinin əsasını təşkil edə bilər. Bizim qurumlar əldə olunan təcrübə və perspektivlər barədə söhbət aça, əcnəbi həmkarları ilə onların ölkəsində baş verən dəyişiklikləri müzakirə edə bilərlər”.

Xatırladaq ki, Azərbaycanın ənənəvi olaraq qatıldığı Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda iştirak etməsi barədə qərar 2018-ci ildə qəbul olunmuş,  bununla bağlı iki ölkənin mədəniyyət nazirləri tərəfindən birgə bəyanat imzalanmışdı. IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu 2020-ci ilin, sonra isə 2021-ci ilin noyabrına təyin olunsa da, hər iki dəfə pandemiya səbəbindən təxirə salındı. Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu axırıncı dəfə 2019-cu ildə keçirilib. Nəhayət, bu il forumun 10-12 noyabr tarixində təşkili planlaşdırılır.

Forum çərçivəsində Dövlət Ermitajında silsilə tədbirlərin və Azərbaycan mədəniyyəti nümunələrindən ibarət daimi ekspozisiyanın təşkili də nəzərdə tutulur.