Türkiyə-Ermənistan normallaşma prosesi

 

Ermənistan ilə Türkiyə arasında normallaşma prosesində Azərbaycanın hər hansı bir narahatçılığı yoxdur. Tam əksinə, Azərbaycan bu prosesi dəstəkləyir.

Bu fikirləri fevralın 9-da “TRT Haber” telekanalında canlı yayımda çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Sözügedən prosesdə Azərbaycan ilə məsləhətləşmə aparmadan addım atılmadığını diqqətə çatdıran Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan bizim Ermənistanla birbaşa təmasda olmağımızı istəyir: “Azərbaycanın Qarabağ Zəfəri ilə Cənubi Qafqazda işğal problemi həllini tapdı. Artıq sülh və əməkdaşlığın təmin edilməsi lazımdır”.

Ermənistan daxil olmaqla bütün tərəflər üçün Qarabağ Zəfərindən dərs almağın vacib olduğunu ifadə edən nazir Mövlud Çavuşoğlu məlumat verib ki, Paşinyanın seçkiləri qazanandan sonra ünvanladığı mesajlara Türkiyə Prezidenti də cavab verib. Türkiyə və Ermənistanın xüsusi nümayəndələri fevralın 24-də Vyanada görüşəcəklər.

Nazir əlavə edib ki, Azərbaycan da Ermənistanla davamlı sülh istəyir.

Aparıcının Şuşa Bəyannaməsindən (15 iyun 2021-ci il) sonra iki qardaş ölkə münasibətlərinin dinamikasına aid sualını cavablandıran nazir Mövlud Çavuşoğlu Qarabağ Zəfərinin “Bir millət, iki dövlət!” anlayışı və duyğusu əsasında, qətiyyətli qərarlar nəticəsində qazanıldığını diqqətə çatdıraraq deyib: “Şuşa Bəyannaməsi əsasında əlaqələrimiz yeni bir formaya gəlib. Biz müttəfiqik. Bu Bəyannamə çərçivəsində atılacaq addımlar məlumdur və bu istiqamətdə də çalışırıq”.

Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət!” anlayışı ilə bir-birini bundan sonra da qoruyacaqlarını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dostluq və qardaşlıq münasibətini xatırladaraq vurğulayıb ki, Azərbaycan tərəfi beynəlxalq platformalar da daxil olmaqla bütün məkanlarda səmimi istəklə hər zaman Türkiyənin yanında olub.