Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi UNESCO-nun Ermənistana və Azərbaycana missiya göndərməsi ilə bağlı əldə edilmiş razılığı alqışlayır.

Bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, indiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlılara məxsus zəngin tarixi-mədəni, dini irs nümunələri mövcud olub. Hələ 1869-cu ildə Çar Rusiyası Qafqaz Canişinliyinin (Tiflis şəhərində yerləşirdi) nəşr etdirdiyi “1870-ci il üçün Qafqaz təqvimi” adlı sənəddə verilən statistik məlumatlara görə, o vaxt təkcə İrəvan quberniyasında 269 məscid olub. Bu siyahıya həmçinin İrəvanda Xan sarayı, İrəvan qalasının divarları, ümumilikdə hazırkı Ermənistan ərazisində mövcud olmuş çoxsaylı hamam, karvansara, türbə, qəbiristanlıq və s. əlavə etmək olar.

Qeyd edək ki, ötən illərdə Ermənistan rəhbər dairələri tərəfindən həyata keçirilən məqsədli siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus bütün tarixi-mədəni irs, abidələr, tikililər məhv edilib.

“Ümid edirik ki, UNESCO-nun regiona nəzərdə tutulan missiyası Ermənistan ərazisində Azərbaycan xalqına mənsub olan irsin ətraflı şəkildə tədqiq edilməsi, müvafiq qaydada monitorinqi və sənədləşdirilməsi baxımından da əhəmiyyətli olacaqdır”, – deyə məlumatda vurğulanır.