Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər.

Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Hotel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.

Dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə də tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib.

Prezident tərəfindən 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməli qoyulub.

İlham Əliyev və birinci xanım Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də daha sonra Ağcabədi rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.

Prezident yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.

Dövlətimizin başçısı və birinci xanım Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun açılışlarında iştirak ediblər. Prezidentə Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata keçirilmiş işlər barədə də məlumat verilib.