14 fevral tarixi dünyanın bir çox ölkələrində Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb.

Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmadığını soruşub...

Ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanan bu təşəbbüs uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir günə çevrilib. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitab dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Son illər ölkəmizdə də bu əlamətdar gün bir sıra tədbirlərlə qeyd edilir.

Azərbaycan Milli Kitabxanası tərəfindən “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual sərgi təqdim olunub.

Virtual sərgidə fotolar, mövzuya dair kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş etdirilir. Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: http://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm