Azərbaycanın Avropadakı bir sıra diaspor təşkilatları tərəfindən UNESCO-nun Baş direktoru Odri Azuleyə müraciətlər ünvanlanıb.

Benelüks Azərbaycanlıları Konqresi, Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Azərbaycan Fransa Mədəniyyət Assosiasiyası, “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyası, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfindən ünvanlanan müraciətlərdə Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat verilir. Bildirilir ki, Ermənistanın apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın bu ölkə ərazisindəki yüz illərlə tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşib.

Qeyd olunur ki, əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz yurdlarından qovularaq qaçqına çevrilib. Ermənistanda bu illər ərzində məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparılmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izləri hər yerdən silinib, Azərbaycan xalqının mədəni irsi talanıb, özününküləşdirilib, mənşəyi dəyişdirilib, azərbaycanlıların yaşadıqları ərazilərdəki qədim toponimlər erməni adları ilə əvəzlənib.

Müraciətlərdə UNESCO-ya ünvanlanmış əvvəlki məktublarda qeyd olunmuş faktlar bir daha təqdim edilir. Ermənistanda yerləşən Göy məscid, Qala məscidi, Şah Abbas, Təpəbaşı, Zal xan, Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Hacı İnam məscidləri kimi 300-dən çox məscid XX əsrin əvvəllərində qəsdən dağıdılıb və ya digər məqsədlərlə istifadə edilib.

Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.

“Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda, bütün insanlığa qarşı olan bir həqarətdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyəri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır”, – deyə müraciətdə vurğulanır.

Müraciətlərdə “Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci illər konvensiyalarının kobud şəkildə pozulduğu diqqətə çatdırılır. Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması, həmçinin sülh və təhlükəsizlik məsələsidir: “Məhz bütün bunları əsas gətirərək biz Azərbaycan xalqının çoxəsrlik tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini Sizdən xahiş etmişdik. Təəssüf ki, öz məkrli və qanunazidd əməllərini gizli saxlamaq üçün Ermənistan belə bir missiyanın həyata keçirilməsinə qarşı olmuşdur.

Lakin 4 fevral 2022-ci il tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatdakı görüşünün nəticəsi olaraq razılıq ifadə olunub ki, UNESCO-nun Ermənistana və Azərbaycana missiyası həyata keçiriləcək. Bu xəbər bizi ruhlandırdı və Sizə növbəti müraciəti ünvanlamağa təkan verdi”.

Müraciətdə belə bir ümid ifadə olunur ki, bu görüş zamanı öz üzərinə öhdəlik götürən Ermənistan UNESCO missiyasının reallaşmasına maneələr yaratmayacaq və bu missiyanın obyektiv hesabatı nəticəsində bütün dünya Azərbaycan xalqının çoxəsrlik irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Ermənistan isə öz əməllərinə görə məsuliyyət daşıyacaq.