Azərbaycanın Koreya Respublikasındakı Səfirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Xarici İşlər Nazirliyinin maliyyəsi ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Koreya dilinə tərcümə olunaraq çap edilib. Bu, klassik Azərbaycan şairinin əsərinin ilk dəfə Koreya dilində kitab şəklində nəşridir.

Səfirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi və dahi şairin 880 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar, ötən ildən etibarən “Leyli və Məcnun” poemasının Koreya dilinə tərcüməsinə başlanılıb. Əsəri Koreya Respublikasının Hoseo Universitetinin professoru Kim Seonq-Ryonq və həmin universitetin magistri Ramin Abasov tərcümə ediblər. Poemanın tərcüməsi Orta əsrlərin dil xüsusiyyətləri maksimum dərəcədə nəzərə alınmaqla, Koreya dilinə uyğunlaşdırılaraq həyata keçirilib. Nəşrə oxucunun daha ətraflı və asan anlayışı üçün Orta əsrlər terminologiyasına dair çoxsaylı izahedici qeydlər, eləcə də “Leyli və Məcnun” əsərindəki bir sıra səhnələrin miniatürləri əlavə edilib.

Bundan əlavə, kitabda Nizami Gəncəvinin həyat və yaradıcılığından ətraflı bəhs edilir, dahi şairin yaşayıb-yaratdığı XII-XIII əsrlərdə Azərbaycanın yerləşdiyi regiondakı ictimai-siyasi mühit, həmin dövrdə mövcud olmuş dövlətlər və dövlət xadimləri barədə məlumat verilir.