Ölkəmizdə səfərdə olan Moldova Parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 23-də işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, Moldova ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev və digər şəxslər müşayiət ediblər.

Səfər zamanı nümayəndə heyətinə Füzulidə ermənilər tərəfindən törədilmiş dağıntılar, dini-mədəni abidələrin yerlə yeksan edilməsi, həmçinin torpaqlar işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq layihələri barədə məlumat verilib.

Füzulidən sonra Şuşaya səfər edən qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, işğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonra moldovalı qonaqlar işğal zamanı vandalizmə məruz qalan və indi bərpa işləri aparılan Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərini, yenidən qurulan Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər, Cıdır düzündə olublar. Heyətin Şuşaya səfəri SSRİ Xalq artisti Bülbülün şəhərdəki ev-muzeyinin ziyarət olunması ilə yekunlaşıb. Muzeyin tarixi barədə qonaqlara məlumat verilib.