Prezident İlham Əliyev Rusiyanın media rəhbərləri ilə görüşdə Ermənistanla münasibətlərdən də danışıb

 

İstərdim ki, siz işğaldan azad etdiyimiz ərazilərdə də olasınız. Hazırda, yeri gəlmişkən, artıq ikinci beynəlxalq səyahətçilər qrupu gəlir, üstəlik, onlar bizim onlara yardım etməyimizi xahiş edirlər, yəni, biz onları çağırmırıq, onlar özləri gəlirlər.

Prezident İlham Əliyev bu sözləri fevralın 23-də Moskvada, TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə yerli media mənsublarının Azərbaycana səfər etmək niyyəti barədə danışarkən deyib.

Dövlət başçısı vurğulayıb ki, işğaldan azad etdiyimiz ərazilərdəki dağıntıları görmək ağır bir mənzərədir. Prezident müqayisə olaraq diqqətə çatdırıb ki, biz Livanın ərazisinə bərabər bir ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur, yəni, sözün əsl mənasında, hər şey dağıdılıb.

Prezident “RT” telekanalının və “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktoru Marqarita Simonyanın guya erməni soyadlı əcnəbi vətəndaşların Azərbaycana girişinə qadağa qoyulması barədə sualına cavab olaraq onu da çəkiliş qrupu ilə ölkəmizə gəlməyə dəvət edib.

İlham Əliyev qeyd edib ki, bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana səfərləri, o cümlədən idman yarışlarında iştirakı buna sübutdur: “Mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm. O, qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı...”.

Prezident bir neçə il əvvəl Katolikos Qareginin Bakıya səfərini də xatırladıb: “Mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa insidentlərin ola biləcəyi barədə müəyyən risk var... Biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik. Buna görə xahişimiz ondan ibarətdir ki, ya Ermənistan vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə müvafiq orqanlar məlumatlandırılsın... Azərbaycana gəlməyə rədd cavabı verilən hallar olub. Lakin belə hallar məhz ona görə olub ki, bu formal qaydalara riayət edilməyib...”.

İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub

“Əgər Ermənistan rəhbərliyi sülh müqaviləsi üzərində işləməyə başlamaq barədə bizim ideyaları qəbul etsə, belə səfərlər adi hal ala bilər” deyən dövlət başçısı onu da diqqətə çatdırıb ki, İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub: “Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır...”.

Azərbaycanla Rusiya arasında münasibətlər və fevralın 22-də Moskvada imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” barədə suala cavabında İlham Əliyev qeyd edib ki, uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik: “Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir... Bəyannamənin adının özü çox şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, –  keçən ilin yanvar ayından, – bu Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma mərhələsindədir”.

Prezident əlavə edib ki, Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir: “Yəni, münasibətlər o dərəcədə şaxələndirilib ki, bizim hansı sahələrdə əməkdaşlıq etməyimizi müəyyənləşdirməkdənsə, hansı sahələrdə əməkdaşlıq etmədiyimizi göstərmək və ya söyləmək daha asandır. Əlbəttə, hesab edirəm ki, bizim iki qonşu ölkə üçün bu səviyyəni qarşılıqlı müttəfiqlik səviyyəsi kimi müəyyən etmək böyük nailiyyətdir və əlbəttə, böyük məsuliyyətdir. Biz gələcəkdə də həmişə bu yüksək səviyyəyə uyğun olmalıyıq”.

Qarabağda vəziyyətin nizamlanması da nəzərə alınaraq, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Şanxay Əməkdaşlıq Təşkilatına meyil edə bilməsi barədə suala cavab olaraq Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı biz müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə – müşahidəçilərdir. Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişik: “Digər inteqrasiya layihələrinə gəldikdə, biz bunun məqsədəuyğunluğunu və milli maraqlarımıza nə dərəcədə cavab verməsini əsas götürürük. Fikrimcə, heç kəs üçün sirr deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si – 6-cı və 16-cı bəndlər, – zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə, bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz. Hər şey bundan irəli gəlir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik...”.

Prezident qeyd edib ki, həm ekspertlər cəmiyyətində, həm də siyasi müstəvidə Azərbaycanın Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinə dair çoxdan diskussiya gedir: “Lakin biz burada da onu əsas götürürük ki, bu, bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim strategiyamız və taktiki addımlarımız həmişə öz resurslarımıza, nəyə malik olmağımıza əsaslanıb. Biz özünəyetərli iqtisadiyyat yaratmağa və istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarmışıq...”.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və insanların doğma yurdlarına qayıdışı barədə suala cavabında İlham Əliyev deyib ki, bu prosesin sürəti ərazilərin minalardan təmizlənməsindən daha çox asılıdır: “Müharibə başa çatandan sonra ilk aylarda Vladimir Vladimiroviç Putinin çağırışlarına baxmayaraq, baş nazir Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, yalan idi və biz bilirdik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, bəli, belə xəritələr mövcuddur, lakin onları bizə verməkdən imtina edirdilər... Minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq”.

Prezident bildirib ki, bizim qarşıda böyük işlərimiz var – su, işıq, qaz, yollar, minalar, evlər. Biz başlamışıq, biz ötən il 1 milyard 300 milyon dollar ayırmışdıq, bu il isə eyni vəsaiti bərpa işlərinə ayırmışıq: “Deməliyəm ki, bununla paralel olaraq, işğal dövründə biz qaçqınlar üçün fəal şəkildə evlər tikirdik, hər il təxminən 5-6 min ailəni, təqribən 30 min insanı yerləşdirirdik. Yəni, onlardan təqribən 70 faizi normal yaşayır. Biz Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə evlər tikirdik. Lakin onların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır. Buna görə də, ilk növbədə, bu kateqoriyadan olan insanlar geri qaytarılacaq. Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq. Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar...”.

Görüşdən sonra iştirakçılara Ermənistanın otuz il ərzində işğal edilmiş ərazilərdə törətdiyi dağıntılar, Azərbaycan mədəniyyəti, tarixi, dini irsinin məhv edilməsini əks etdirən “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbom təqdim edilib.

***

Qeyd edək ki, Rusiyanın media rəhbərləri ilə görüşdən öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva TASS agentliyinin “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiyası ilə tanış olublar.

TASS və AZƏRTAC-ın birgə layihəsi olan ekspozisiyada iki ölkə xalqlarının siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluğunun və əməkdaşlığının tarixinin ən yeni dövrü barədə söhbət açılır.

Agentliyin baş direktorunun birinci müavini Mixail Qusman fotoşəkillər barədə məlumat verib. Ekspozisiya iki ölkənin mədəniyyət sahəsində  münasibətlərindən bəhs edir. Burada 2002-ci ildə Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışından, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zıkinanın konsertindən sonra Heydər Əliyevin onunla söhbəti zamanı çəkilən kadrlar da var.

Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdən sonra İlham Əliyevə onun bütün prezidentlik dövrü ilə bağlı TASS xəbər lentləri və fotoxronikasının arxivinin elektron toplusu hədiyyə olunub. Burada 32 mindən çox məlumat və 400-ə yaxın fotoşəkil var.

Dövlətimizin başçısı da TASS agentliyinə xatirə hədiyyəsi təqdim edib.

***

Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri fevralın 23-də başa çatıb.