Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə fevralın 26-da Dənizkənarı bulvarda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!" kampaniyası çərçivəsində təşkil olunan aksiyada paytaxtın müxtəlif təhsil müəssisələrindən minə yaxın tələbə və könüllülər iştirak ediblər.

Fləşmobda Bakı Xoreoqrafiya Akademiyasının tələbələri tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən xoreoqrafik kompozisiya nümayiş olunub, “Xocalıya ədalət!” çağırışlı plakatlar nümayiş olunub.

Azərbaycan Tələbə Gənclər Təşkilatlarının sədri Pərviz Mirələmli bildirib ki, bu tip tədbirləri keçirməkdə məqsədimiz Xocalı faciəsini bir daha dünyanın diqqətinə çatdırmaqdır. Gənclərimizin iştirakı ilə belə təbliğat aksiyaları gələcəkdə də davam etdiriləcək.