Kino istehsalatdan başlayaraq filmlərin tamaşaçılara təqdim olunmasına qədər qarşılıqlı münasibətlər əsasında yaranır. Müxtəlif həyat hadisələrini inandırıcı, təbii təqdim etməklə yanaşı,  yaradıcı heyətin istək və düşüncələrini məzmunlu, məntiqli mətnlə, mövzuya, təsvirə uyğun təhlillə tamaşaçıya çatdırmaq lazımdır. Kino mətninin redaktə işinin mükəmməlliyi təsvirin baxımlılığını artıran şərtlərdəndir. Belə məsuliyyətli işin öhdəsindən gəlmək üçünsə dərin biliyə, zəngin təfəkkürə, sənətə dərindən bağlı qəlbə sahib olmalısan.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər pedaqoji fəaliyyət göstərən, “Azərbaycanfilm” Kinostudiyasında tərcüməçi-redaktor, ssenarist kimi çalışan Svetlana İsmayılova da ömrünün sonunadək Azərbaycan kinosunun keşiyində durdu, fəaliyyəti boyunca məslək borcunu sevgi və məsuliyyətlə yerinə yetirdi. Yüksək mənəvi dəyərləri, insani xüsusiyyətləri şəxsiyyətində cəmləşdirən, dünyaya gəlişi və gedişi eyni aya (26.2.1939 – 25.2.2022) bir gün fərqi ilə həkk olunan sənət sevdalısının ömür kitabının səhifələrini məhz bu baxımdan vərəqləməyi, yaxınlarının söhbətlərində fərdi cəhətlərinə, sənət dünyasına bir az da yaxın olmağı özümüzə borc bilirik. 

Danılmaz həqiqətdir ki, məslək borcunu, insanlıq missiyasını vicdanla yerinə yetirəndə yalnız doğmalarının deyil, ətrafındakıların da sevimlisinə çevrilirsən. Svetlana İsmayılovanın təfəkküründən, dünyaya olan fərqli baxışından süzülən xeyirxah cəhətləri onu sevilərək xatırladan səbəblərdəndir. Tanınmış jurnalist, pedaqoqun da adı dostları, tələbələri, həmkarları tərəfindən daima hörmətlə çəkilib.

 

Peşəsini dərindən bilən bir şəxsiyyət idi

 

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, kinorejissor Cəmil Quliyev: “Svetlana İsmayılovanı 1983-cü ildən tanıyırdım. O zaman “Azərbaycanfilm” Kinostudiyasında ssenari redaksiya heyətinin üzvü və  bir çox bədii, sənədli, animasiya filmlərinin aparıcı redaktoru idi. Eyni zamanda kinostudiyanın dublyaj şöbəsində rus dilindən Azərbaycan dilinə dublyaj olunan filmlərin redaktoru və tərcüməçisi kimi işləyirdi. Qayğıkeş, təvazökar insan olduğundan hamı onun otağına toplaşırdı. Adama elə gəlirdi ki, onun otağı intellektual, mədəni mərkəzdir. Görkəmli kinorejissorlardan Tofiq Tağızadə, Rasim Ocaqov, Şamil Mahmudbəyov, Ceyhun Mirzəyev, Ziyafət Abbasov, Cəmil Fərəcov, Yalçın Əfəndiyev, dublyaj şöbəsinin aparıcı rejissorlarından Arif Həbibi, Ağası Zeynalov, görkəmli aktyorlardan Həsənağa Turabov, Səməndər Rzayev və digərləri həmişə onun otağına gəlir, fikir mübadiləsi aparır, yaradıcılıq söhbətləri edirdilər. Otağında həmişə isti çay olurdu, qonaq gələn insanları gülərüzlə qarşılayırdı. Bu kimi mehriban xüsusiyyətləri ilə insanları özünə yaxınlaşdırırdı. 

Mütaliəni çox sevirdi. Yeni nəşr olunmuş kitabları daima əldə edir, oxuyurdu. Həmin illərdə Azərbaycanda nəşr olunan ədəbi jurnalların redaksiyasının fəal üzvü idi. Maraqlı məqalələri ilə tez-tez həmin jurnallarda çıxış edirdi.

Onu da qeyd edim ki, Svetlana xanımla iki sənədli film üzərində işləmişəm. Onlardan birincisi akademik Püstəxanım Əzizbəyovaya həsr olunmuş film idi, ikinci film isə Ermənistan ərazisində azərbaycanlıların yaşadığı Nüvədi kəndindən bəhs edirdi. Svetlana xanım sənədli kinonu dərindən bilirdi və sənədli materiallarla çox dəqiqliklə işləyirdi. Filmin görüntü sırası hazır olduqdan sonra məntiqli və təsirli yanaşma ilə həmin görüntülərə aid mətn hazırlayırdı.

Svetlana İsmayılova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir neçə fənni tədris edirdi. Tələbələri tərəfindən sevilən, hörmət olunan pedaqoq idi. 2002-ci ildən Almaniyada yaşamasınma baxmayaraq, tələbələri onunla mütəmadi olaraq əlaqə saxlayırdılar. Dünyasını dəyişdiyini eşidəndə onlar sosial şəbəkələrdə dərin təəssüf və kədərlərini ifadə etdilər. Bu isə Svetlana xanımın nə qədər böyük sevgi ilə əhatə olunmasının bariz nümunəsidir.

Onunla sonuncu dəfə fevral ayının 1-də danışdım. Bir müddət sonra xəstəxanada olduğunu eşitdim. Həyatdan getməsi mənim üçün ağır bir itki oldu. Çünki bir il əvvəl anamı itirdim. Çətin vaxtlarımda belə Svetlana xanım daim mənimlə əlaqə saxlayırdı.  Baxmayaraq ki, Almaniyada idi, hər gün mənə zəng edirdi, qayğıma qalırdı. Qayğıkeş, təvazökar, dostluğu axıra kimi  davam etdirməyi bacaran insan, ziyalı, peşəsini dərindən bilən bir şəxsiyyət idi. Allah ona rəhmət eləsin”.  

 

“Xoş aurası bizə də keçirdi”

 

Xalq artisti Həmidə Ömərova: “İlk dəfə Svetlana xanımla kinostudiyada tanış olduq. Səmimi, mehriban danışığı ilə insanı özünə cəlb edirdi. Problemi olsa belə heç kimə bildirmirdi. Kimi görürdüsə xoş üzlə, mehribanlıqla salamlaşır, əhvalını soruşurdu. Mən onu bir dəfə də olsun əsəbi görmədim. Xoş aurası bizə də keçirdi. Sonralar Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi birlikdə çalışdıq. Həmişə məni görən kimi “atam necədi?” deyirdi. Təəccüblə soruşurdum ki, kimi deyirsiniz?  Deyirdi, oğlunuzu deyirəm də, axı o, atamın adını daşıyır.

Onun doğum gününü müəllim heyəti ilə birlikdə həmişə fevral ayının 26-da qeyd edirdik. 1992-ci ilin 26 fevral tarixində ermənilərin Xocalıda törətdiyi qırğından sonra bir daha doğum gününü həmin gün qeyd etmədi.

Axırıncı dəfə onunla, ailəsi və qızları ilə 8 il bundan əvvəl Almaniyaya gedəndə görüşdüm. Qızları Elnarə və Samirə xanım Almaniyada yaşadığı üçün həyat yoldaşı Telmanla ora  köçmüşdü. O, həmişə ailəsindən, qızlarından çox razılıq edirdi. 

Uzaqda yaşamağını bizə hiss etdirmirdi. Sosial şəbəkə vasitəsilə tez-tez əlaqə saxlayırdı. Elə gün olmurdu ki, məndən hal-əhval tutmasın, gül şəkilləri göndərməsin. Nəcib xasiyyətli, incəqəlbli xanım idi. Bir müddət ondan mesaj almadım. Nigaran qaldım və mesaj yazdım, amma cavab gəlmədi. Bu yaxınlarda eşitdim ki, dünyasını dəyişib. Biz çox işıqlı, hamıya mehriban olan gözəl bir insanı itirdik. Çox təəssüf edirəm...”.

 

Tələbələrini həm şəxsiyyət, həm də peşəkar kimi yetişdirirdi

 

Mahmənzər Məmmədrəsulqızı, rejissor: “Mədəniyyət və İncəsənət Universitetində Kino rejissorluğu fakültəsində oxuyanda kurs rəhbərimiz, rejissor Yalçın Əfəndiyev bir gün bizə dedi ki, sizə ssenari yaradıcılığı fənni tədris olunacaq. Fənni Svetlana İsmayılova tədris edəcək. Biz auditoriyaya gedəndə elə düşünürdük ki, adəti üzrə müəllimimiz bizdən sonra gələcək. Ancaq bu dəfə gözlədiyimizin əksi oldu. Qapını açanda eynəkli, gözəl bir xanımın əlindəki kitabı diqqətlə oxuduğunu gördük. Mən indi də həmin anları xatırlayanda bir daha yəqin edirəm ki, ilk təəssürat necə məna verirsə, sonda yenə  həmin hisslərin üzərində dayanırsan. İlk gündə Svetlana xanımın simasında əsl xanım-xatın qadın, qayğıkeş ana, ziyalı pedaqoq və bir sıra müsbət cəhətlərin vəhdətini gördüm. Onun zahiri görünüşü və daxili arasında bağlılıq, harmoniya vardı. Zahirən gözəl olmaqla yanaşı, xasiyyəti də nəcib idi. Bu onun pedaqoji fəaliyyətində də özünü göstərirdi. Bizə yüksək mənəvi keyfiyyətlərindən yoğurulan nurundan, işığından pay bölürdü. Pedaqoji fəaliyyəti ilə yanaşı, insani keyfiyyətləri fonunda müdrikcəsinə həyat dərsini də tədris edirdi. Tələbələri arasında elə mühit yaradırdı ki, sanki onu illərlə tanıyırdıq. Həyati mövzularla bağlı maraqlı söhbətlər edirdi. Müəllim-tələbə münasibəti etiketi çərçivəsində dərin, fəlsəfi fikirlər aşılayırdı. Onunla söhbət edərkən, mülahizələrini dinləyərkən özümüzü gərəkli hiss edə bilirdik. Pedaqoji fəaliyyətinin böyüklüyü onda idi ki, o, tələbəsinin səviyyəsini bir şəxsiyyət kimi qaldıra bilirdi. Əvvəlcə şəxsiyyət, sonra peşəkar kimi yetişdirirdi.

Bir dəfə ondan niyə adınız Svetlanadır deyə soruşdum. “Həmin vaxtlar belə adlar dəbdə idi. Atam ona görə adımı Svetlana qoyub, işıq mənasını verir” dedi. Almaniyaya gedəndə mənə gümüş qaşıqlar hədiyyə etmişdi. Dedi ki, bunları işlədəndə məni xatırlayarsan. Əşyaya insan təxəyyülünün məhsulu, insanın yaratdığı bir gözəllik kimi baxırdı. Qaşıqları əlimə alanda gözəl və incə olduğunu dedim. O isə cavabında “qızım, sən o gözəlliyi dərk edirsən deyə, onları sənə hədiyyə edirəm” dedi. Mən fəxr edirəm ki, onun tələbəsi olmuşam”.

 

Hara getsəniz özünüzlə ürəyinizi aparın

 

Vüqar Həmidov, rejissor: “Svetlana xanım kinonu bizə tam dərinliyi ilə açan, kinonu mükəmməl bilən pedaqoq idi. Həqiqəti üzə deyən xanım idi, amma heç kim ondan incimirdi. Tələbə olarkən tez-tez yığışıb onlara gedirdik. Almaniyadan hər dəfə gələndə də evlərinə gedib görüşürdük. Yadımdadır, ali məktəbi yenicə bitirdiyimiz vaxtlarda onlara getmək istədik. Fikirləşdik ki, onun üçün şokolad qutusu, ya da gül dəstəsi alaq. Amma əlimizdə olan vəsaitə heç nə ala bilmədik deyə görüşü təxirə saldıq. Bir neçə gündən sonra tələbə yoldaşlarımızla yenə də görüşüb onlara getdik. Dəqiq bilirəm ki, onlara gedə bilməməyimizin səbəbini ona heç kim deməmişdi. Amma o, bunu necə hiss etmişdi, mən hələ də buna təəccüb edirəm. Söhbət əsnasında maraqlı bir ifadə işlətdi ki, hara getsəniz özünüzlə ürəyinizi aparın. Biz anladıq ki, bizim üçün vacib olan görüşü adi bir səbəbdən  gecikdirmişik. Svetlana xanım bir cümləsi ilə belə yenə bizə həyat dərsi verdi. Onun bu fikri mənim həyata baxışımı dəyişdi. Bax beləcə, o, bizi həmişə həyata hazırlayırdı...”.

Şəhla Əmirli
kinoşünas