Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə heyətinin sədri Vasif Eyvazzadə martın 2-də Türkiyənin Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç ilə görüşüb.

Görüşdə iki qardaş ölkə arasında yaradıcı sənayelər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Vasif Eyvazzadə ölkəmizdə yaradıcı sənayelər sahəsinin geniş imkanlara sahib olduğunu və bununla bağlı Türkiyə ilə də işbirliyinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Selçuk Karakılıç mədəniyyət və yaradıcı sənayelərin Türkiyə iqtisadiyyatında mühüm  əhəmiyyət kəsb etdiyini, habelə iki ölkə arasında qarşılıqlı tərəfdaşlıq və tanınma layihələrinin genişləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan-Türkiyə Yaradıcı Sənayelər Forumunun təşkili, sahənin müxtəlif sektorları üzrə təlim proqramının, xüsusi tədqiqat layihəsinin həyata keçirilməsi və bu istiqamətdə yeniliklərin qarşılıqlı mübadiləsinin aparılması razılaşdırılıb.