Rusiyanın Ukraynaya hücumu nəticəsində iki milyondan çox insan evini tərk etmək məcburiyyətində qalıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bu barədə martın 3-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasının xüsusi iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığının hesablamalarına görə, indiyədək bir milyon insan ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb. Bir milyondan çox ukraynalı isə müharibə başlayandan (24 fevral) sonra qonşu ölkələrə keçib. Qarşıdurma davam edərsə, yaxın həftələrdə dörd milyona yaxın insan ölkəni tərk edə bilər.

BMT-nin İnsan Hüquqları Şurasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclasında Ukrayna nümayəndə heyətinin təqdim etdiyi və Qərb ölkələri tərəfindən dəstəklənən qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Bir gün öncə isə BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynada hərbi əməliyyatlarını pisləyən qətnamə qəbul edilib. 141 ölkənin lehinə səs verdiyi qətnamədə Rusiyadan hərbi əməliyyatları dərhal dayandırmaq tələb edilir.

Rusiya müharibə bölgəsinə humanitar yardım çatdırılmasına icazə verməlidir. Bunu isə  Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 3-də Slovakiya Baş naziri Eduard Heger ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Humanitar dəhlizlər açılmalıdır. Mülki şəxslərin mühasirəyə alınmış şəhərləri təhlükəsiz tərk etməsinə icazə verilməlidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, son bir neçə gündə Ukraynanın Rusiya qoşunları tərəfindən zəbt olunmuş və mühasirəyə alınmış şəhərlərində vəziyyət humanitar fəlakət həddinə çatıb.

Hərbi əməliyyatların getdiyi bölgələrdən dinc sakinlərin humanitar dəhlizlərlə çıxarılması məsələsi martın 3-də Rusiya Prezidenti Vladimir Putin və  Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığında da müzakirə edilib.

Martın 3-də Belarusun Brest vilayətində – Belovej meşəsində Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilib. Görüşün sonunda tərəflərin humanitar dəhlizlərin açılması və müvəqqəti atəşkəslə bağlı razılığa gəldiyi bildirilib.