XX əsr və müasir dövr Azərbaycan ədəbiyyatının tanınmış müəlliflərinin hekayələrinin toplandığı "Sarı gəlin" antologiyası Çexiyada işıq üzü görüb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, kitabda Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, İsi Məlikzadə, eləcə də Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Şahmar, Sara Nəzirova, Rafiq Tağı, Saday Budaqlı, Etimad Başkeçid kimi yazıçılarının hekayələri yer alıb.

Əsərləri orijinaldan çex dilinə tanınmış çexiyalı tərcüməçilər – İvana Bozdexova və Klara Xoulikova çeviriblər.

Praqanın zəngin ənənəli "Karolinum" nəşriyyatında çap olunmuş kitab akademik Nizami Cəfərovun çex dilinə tərcümə olunmuş ön sözü ilə təqdim olunur.

Nəfis tərtibatda nəşr edilmiş toplunun yaxın vaxtlarda Praqanın kitabxanalarına, universitet və kitab evlərinə təqdim ediləcəyi, təqdimat mərasimlərinin keçiriləcəyi gözlənilir.