Martın 17-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin yeni musiqi mövsümündə növbəti konserti təqdim olunacaq.

Konsertdə BMM-in solistləri Əməkdar artist Səbuhi İbayev, xanəndələr Kamilə Nəbiyeva və Ayşən Mehdiyeva “Şur” muğamını təqdim edəcəklər. Xanəndələri mərkəzin solistləri Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança) müşayiət edəcək.

Bildirək ki, musiqi mövsümü ərzində BMM-in səhnəsində "Şur", "Zabul-segah", "Çahargah", "Bayatı-Şiraz", "Hümayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbarı", "Osmani", "Heydəri", "Bayatı-Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı-kürd", "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.

Pandemiya üzündən uzun fasilədən sonra yenidən muğamsevərlərin görüşünə gələn layihənin bir özəlliyi də ondadır ki, BMM və İctimai Radio (90 FM) arasında əməkdaşlıq sayəsində "Muğam axşamları" konsertləri radioda da yayımlanacaq. Həmçinin konsertlər AzTV-nin “Mədəniyyət” kanalı tərəfindən lentə alınaraq tamaşaçılara təqdim olunacaq.

Layihənin rəhbəri BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov olan "Muğam axşamları" 2017-ci ildən həyata keçirilir. Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan konsertlərə tamaşaçılar böyük maraq göstərirlər. Layihənin növbəti konserti aprelin 17-də təqdim olunacaq.

L.Azəri