Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyev martın 9-da bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Düsen Kurabay oğlu Kaseinov TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, martın 10-da Düsen Kaseinovun 75 yaşı tamam olub. Qazaxıstanın Əməkdar incəsənət xadimi Düsen Kaseinov Kurmanqazı adına Almatı Dövlət Konservatoriyasını bitirib, tanınmış skripka ifaçısı olub. Konservatoriyada dərs deyib, kafedra müdiri, professor, 1987-1997-ci illərdə rektor olub. Sonrakı illərdə Qazaxıstanın mədəniyyət naziri, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, MDB-də mədəni-humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndə vəzifələrində çalışıb. 2008-ci ildən TÜRKSOY-un Baş katibidir.

Düsen Kaseinov 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası ilə türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

***

“Mədəniyyət” qəzeti adından professor Düsen Kaseinovu 75 illik yubileyi və yeni təltif münasibətilə təbrik edir, möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayırıq.