Macarıstanın Bekeşçaba şəhərində 4-6 mart tarixində keçirilən 18-ci Karpat Hövzəsi Ənənəvi Tekstil Festivalında ölkəmiz də təmsil olunub.

Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı tədbirdə “Azərbaycan xalçaları və tikmələri” adlı məruzə və təqdimatla çıxış edib. O, Azərbaycan xalça sənəti və bədii tikmələri, o cümlədən onlardan istifadə qaydaları, xalqımızın həyatındakı rolu və s. haqqında iştirakçılara geniş məlumat verib. Altun Mikayıllı festivalda iştirakına və uğurlu təqdimatına görə təşkilatçılar tərəfindən sertifikata layiq görülüb.

Qeyd edək ki, festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Macarıstan İrs Evi, Ənənəvi Macarıstan İncəsənəti Assosiasiyası, Bekeşçaba Şəhər Xalq Sənəti Dərnəyi və Gal Ferenc Universitetinin təşkilatçılığı ilə keçirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov açılış nitqində ənənəvi xalq sənəti nümunələrinin yaşadılmasının vacibliyini vurğulayaraq belə tədbirlərin əhəmiyyətini qeyd edib. Festival çərçivəsində konfrans və ənənəvi tikmə, geyim və tekstil sahəsində çalışan sənətkarların əl işlərindən ibarət sərgi təşkil edilib.

Festivala Türkiyə, Sloveniya, Slovakiya, Bolqarıstan, Qırğızıstan, Qazaxıstan, Koreya və digər ölkələrin nümayəndələri qatılıb.