Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Dünya Türkologiya Mərkəzinin birgə təşəbbüsü ilə “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Tədbir iştirakçıları foyedə Novruz mövzusuna həsr edilmiş sərgi ilə tanış olublar.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva açılış nitqində türk xalqlarının ortaq dəyərlərindən bəhs edərək bu baxımdan Novruz bayramının xüsusi yerə malik olduğunu vurğulayıb.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov mövsüm mərasimlərinin insan həyatının ayrılmaz hissəsi olduğunu bildirib, tarixi minilliklər öncəyə gedib çıxan Novruz bayramının 2009-cu ildə UNESCO-nun siyahısına salındığını, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Gününün (21 mart) təsis edildiyini diqqətə çatdırıb.

Daha sonra Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov, Qırğızıstan səfiri Kayrat Osmanaliyev, Özbəkistan səfiri Bahrom Aşrafxanov, Türkmənistan səfiri Mekan İşanquliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Mustafa Kamal Beyazbayram və Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış ediblər. Novruz bayramının dövlətlər səviyyəsində qeyd edilməsinin milli köklərə, adət-ənənələrə, tarixi keçmişə bağlılığın göstəricisi olduğu vurğulanıb.

Tədbirdə türk xalqlarının Novruz adətlərini əks etdirən videoçarxlar nümayiş etdirilib, milli geyim və mətbəx nümunələri təqdim olunub.

Konfrans işini martın 11-də davam etdirəcək.