Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyası özbək dilində nəşr olunub.

Kitab Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi və Özbəkistan dövlət başçısının “Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması” haqqında sərəncamları ilə əlaqədar çap olunub.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, rəyçilər özbəkistanlı professorlar Bakijon Toxliev və Nurboy Cabbarovdur.

Ön sözün müəllifi AMM-in direktoru Samir Abbasovdur. Ön sözdə qeyd olunur ki, Türk dünyası bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş edib və belə nəhəng, görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi şairi Əlişir Nəvainin adları fəxrlə çəkilir. Mütəfəkkir şairlər Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olduğu, onların irsinin öyrənilməsi, tədqiq edilməsi və yeni, sanballı mənbələrin üzə çıxarılmasının vacibliyi vurğulanır.