Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin tamaşası Türkiyə Dövlət Teatrlarının repertuarına daxil edilib.

Bununla bağlı tamaşanın quruluş müəllifi, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktyor-rejissor Məlahət Abbasova məlumat verib.

2019-cu ildə İstanbulda səhnəyə qoyulan “İblis”in böyük maraqla qarşılandığını xatırladan Məlahət Abbasova tamaşanın Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil olunması ilə bağlı müraciət etdiklərini bildirib: “Hüseyn Cavid kimi böyük dramaturqun əsərini tamaşaçıya layiqli şəkildə təqdim etmək böyük məsuliyyət tələb edir. Bu işi uğurla başa çatdırdığım üçün çox sevincliyəm. Bir əsərin Türkiyədə səhnələşdirilməsi üçün onun repertuara daxil edilməsi mütləqdir. Amma bu da çox çətin başa gələn işdir. Çünki hər toplantıya yüzlərlə əsər təqdim edilir və onların içindən bir-ikisi seçilir. Mən “İblis”in İstanbul Şəhər Teatrlarında da səhnələşdirilməsi üçün tamaşanı əvvəlcə Bədii Şuranın müzakirəsinə təqdim etdim. İstanbul teatrlarının repertuarına daxil olduqdan sonra əsəri səhnəyə qoya bildik”.

Məlahət Abbasova diqqətə çatdırıb ki, “İblis” tamaşası İstanbulda səhnəyə qoyularkən ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə edilib. Kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verir. “Səfirliyimizin də dəstəyi ilə əsər Türkiyə Dövlət Teatrlarına təqdim edildi. Çox sayda əsərin içindən “İblis”  əsərinin repertuara salınması azərbaycanlı olaraq mənim üçün qürurverici hissdir. Qarşıdan gələn aylarda bu tamaşanın məşqlərinə başlamağı planlaşdırırıq. İnanıram ki, “İblis”i Türkiyənin hər bölgəsində teatrsevərlərə təqdim edə biləcəyik”, – deyə Məlahət Abbasova bildirib.

Səhnə əsərinin Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilməsi ilə bağlı qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsi tərəfindən Məlahət Abbasovaya ünvanlanan məktubda deyilir: “Hüseyn Cavidin əsəri əsasında hazırlanan, Hilmi Zəfər Şahin ilə birgə türk dilinə tərcümə etdiyiniz “İblis” tamaşası dramaturq məruzələri ilə birlikdə baxılıb və Bədii Şuranın iclasında müzakirə edilib. Bədii Şura səs çoxluğu ilə tamaşanın Dövlət Teatrlarının ümumi repertuar fonduna daxil olunmasını qəbul edib. Türkiyənin Dövlət Teatrlarının ümumi repertuarına verdiyiniz töhfəyə görə sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını diləyirik”.

Qeyd edək ki, Hüseyn Cavidin “İblis” əsəri 2019-cu ilin aprelində İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində tamaşaya qoyulub. İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanan tamaşanın ilk aktyor heyətində türkiyəli aktyorlardan Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık çıxış ediblər.