Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən “Mədəni gənclik” adlı yeni layihə həyata keçirilir. Layihə çərçivəsində mayın 12-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında M.F.Axunzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş etdirildi.

Tamaşadan öncə çıxış edən nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Könül Cəfərova layihə haqqında məlumat verdi. Qeyd etdi ki, məqsəd gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, bir sözlə, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.

Bildirildi ki, layihə çərçivəsində ilk olaraq Bakı Dövlət Universitetinin tələbələri may-iyun ayları ərzində beş mədəniyyət ocağında tamaşa və konsertlərə baxmaq, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər: “Gənclər həm də, sadəcə, baxmaqla kifayətlənməyəcək, kollektivlə görüşəcək, sorğuda iştirak edərək ən çox bəyəndikləri teatrı, tamaşanı və s. qiymətləndirmək imkanı qazanacaqlar...”.

Sonra tamaşa nümayiş olundu. Tələbələr məşhur komediyanı böyük maraqla izlədilər.

Fransız botanik müsyö Jordanın Qarabağa – Hətəmxan ağaya qonaq gəlməsi, burada böyük qonaqpərvərlik görməsi, Qarabağın florasını öyrənməsi, xanın qardaşı oğlu gənc Şahbazın elmə maraq göstərməsi, müsyö Jordanın onu özü ilə Parisə aparmaq istəməsi, Hətəmxan ağanın həyat yoldaşı Şəhrəbanu xanım və qızı – Şahbaz bəyin nişanlısı Şərəfnisənin buna qəti şəkildə qarşı çıxması, Şahbazın Fransaya getməsini əngəlləmək üçün qulluqçu Xanpərinin vasitəçiliyi ilə cadugərin (dərviş Məstəli şah) köməyə çağırılması komediyanın əsas süjet xəttini təşkil edir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Əsas rolları Xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Natalya Şarovskaya, Fuad Osmanov, Əməkdar artistlər Salman Bayramov, Həcər Ağayeva, Murad Məmmədov, Milana Sokolenko, İnna İmranova və digərləri ifa edirlər.

Qeyd edək ki, layihəyə könüllü qoşulan tələbələr may-iyun aylarında Azərbaycan Dövlət Akademik Milli Dram, Akademik Opera və Balet, Akademik Musiqili, Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə sərbəst baxmaq imkanı əldə edəcəklər.

Nurəddin