“İstərdik ki, UNESCO nümayəndələri də azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları görsünlər”

 

Azərbaycan uzun illərdir İCESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirir. Torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə İCESCO-nun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə təşkilata minnətdarıq.

Prezident İlham Əliyev bu sözləri mayın 20-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib.

Dövlətimizin başçısı İCESCO-nun Baş direktorunun keçən il Ağdam və Füzuliyə, bu il isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfərindən məmnunluğunu bildirib, Salim bin Məhəmməd əl-Malikin Şuşada təşkil edilən beynəlxalq konfransda iştirakını yüksək qiymətləndirib.

“Biz istərdik ki, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər” deyən İlham Əliyev bildirib ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, belə bir səfər gerçəkləşməyib.

Prezident qeyd edib ki, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında İCESCO-nun fəaliyyəti və onun ekspertlərinin iştirakı önəmli rol oynaya bilər.

Dövlətimizin başçısı Bakıda İCESCO-nun regional ofisinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsi işində əhəmiyyətini qeyd edib, təşkilatın Azərbaycanın haqq işinə göstərdiyi dostluq və tərəfdaşlıq dəstəyinə görə bir daha təşəkkürünü bildirib.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Salim bin Məhəmməd əl-Malik işğaldan azad edilmiş ərazilərə ötən il etdikləri səfəri xatırladaraq, həmin səfər zamanı gördükləri mənzərənin onları çox məyus etdiyini bildirib. Baş direktor budəfəki səfəri zamanı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük quruculuq işlərinin şahidi olduqlarını məmnunluqla qeyd edib. Bu yerlərin çox gözəl olduğunu vurğulayan qonaq artıq xarici ölkələrdən də çox sayda insanın buraya gəlmək istədiklərini deyib.

İCESCO rəhbəri görüşün sonunda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.