Görkəmli müğənni, Azərbaycan vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) anadan olmasının 125 illiyinə həsr olunan Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi qaliblərinin adları açıqlanıb.

Müsabiqədə Azərbaycan, Rusiya, İsrail, Türkiyə, Monqolustan, Özbəkistan, Ukrayna, Meksika, Qazaxıstan və digər ölkələrdən 100-ə yaxın ifaçı iştirak edirdi.

Müsabiqənin Qran-pri mükafatına Elmina Həsənova (Azərbaycan) layiq görülüb. Digər mükafatçılar: I yer - Ankhbayar Enkhbold (Monqolustan), II yer – Nikita Volkov (Rusiya) və Olqa Rudik (Ukrayna), III yer – Baluan Berkenov (Qazaxıstan), Aleksandra Sokolova (Rusiya), Həmid Əbdülov (Azərbaycan), IV yer – Ezgi Karakaya (Türkiyə), Nigar Cəfərova (Azərbaycan).

Müsabiqənin xüsusi mükafatçıları da müəyyən olunub. “Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifası” nominasiyasında Baterdene Dorjtseden (Monqolustan) qalib olub. “Ümid” mükafatını Medeya Çikaşvili (Gürcüstan), “Tamaşaçı rəğbəti”ni isə rusiyalı Valeriya Latışeva qazanıb.

16-22 iyun tarixində keçirilən müsabiqənin mükafatlandırma və qala-konserti mədəniyyət paytaxtımız Şuşada keçiriləcək.

Qeyd edək ki, bu il də iştirakçıları beynəlxalq münsiflər qiymətləndiriblər. Münsiflər heyətinin sədri Rusiyanın Xalq artisti Sergey Leyferkusdur. Heyətə Xalq artistləri Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Murad Adıgözəlzadə, Dinara Əliyeva, Rusiyanın Əməkdar incəsənət xadimi Dmitri Vdovin, Əməkdar artist Mariya Meşaryakova (Rusiya), Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, SSRİ Xalq artisti Mariya Stefyuk (Ukrayna), Belarusun Xalq artisti Anastasiya Moskvina və Qazaxıstanın Əməkdar incəsənət xadimi Azamat Jeltırquzov daxildir.

Xatırladaq ki, Bülbül adına birinci beynəlxalq müsabiqə görkəmli müğənninin 100 illiyi ərəfəsində, 1997-ci ildə Prezident Heydər Əliyevin müvafiq sərəncamı ilə keçirilib.