Hərbi-vətənpərvərlik mövzulu rəsm müsabiqəsinin sərgisi açılıb

 

Iyunun 29-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Könüllülər İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi-vətənpərvərlik mövzusunda 5-15 yaş kateqoriyası arasında keçirilmiş müsabiqənin “Rəngli perimetr” adlı sərgisi açılıb. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.

Tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin rəisi, general-mayor Bəkir Orucov, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsi Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Könüllülər İctimai Birliyi mədəniyyət və incəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli çıxış ediblər.

Çıxışlarda rəsm müsabiqəsinin gənc istedadların üzə çıxarılması və onlara dəstək göstərilməsi, eləcə də bunun gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində əhəmiyyəti vurğulanıb. Çıxışçılar müsabiqə iştirakçılarına yeni uğurlar arzulayıblar.

Tədbirin sonunda general-mayor Bəkir Orucov sərginin təşkilində fəal iştirakına görə Mədəniyyət Nazirliyinin sektor müdiri Aqşin Mirfeyzullazadəyə Müdafiə Nazirliyinin diplomunu təqdim edib.