İtaliyanın dünya şöhrətli aktrisası, ötən əsrin 50-ci illərində italyan kinosunun siması olmuş Cina Lollobricida iyulun 4-də 95 yaşını qeyd edib.

Əsl adı Luicina olan aktrisa Subiako şəhərində mebel ustası ailəsində doğulub. Ailədə ondan savayı daha üç qız uşağı vardı. Uşaqlığı dağların arasında yerləşən ucqar bir kənddə keçib. 1945-ci ildə ailəsi Roma ətrafına köçüb və Cina küçə rəssamı kimi ilk pulunu karikatura çəkməklə qazanıb. Həmçinin opera vokal dərsləri alır və teatr məktəbində oxuyurdu.

1946-cı ildə kinoda epizodik rolları ilə debüt edib. 1947-ci ildə “Miss İtaliya” gözəllik müsabiqəsində üçüncü yeri tutub.

1950-1951-ci illərdə aktrisa artıq Cina Lollobricida adı ilə italyan filmlərində baş rollara dəvət alıb. Ona dünya şöhrətini fransız kinorejissor Kristian Jakın “Fanfan zanbaq” filmindəki gözəl Adeline obrazı gətirib, tərəf-müqabil Jerar Filip olub. 1952-ci ildə onlar yenidən çəkiliş meydançasında – “Gecə gözəlləri” filmində görüşüblər.

Cina Lollobricida kino karyerasını 1973-cü ildə dayandırsa da, 90-cı illərədək rejissorların israrlı dəvətləri üzərinə ara-sıra yenə kinokamera önünə keçib. Ümumilikdə 60-dan çox filmdə çəkilib, onların yarıdan çoxu 1950-ci illərdə lentə alınıb. Aktrisanın ən diqqətçəkən rollarından biri də Jan Delannuanın rejissoru olduğu “Paris Notr-Dam kilsəsi”ndə (1956) Esmeralda obrazıdır.

70-ci illərdə çəkiliş meydançasından ayrıldıqdan sonra Lollobricida peşəkar fotoqraf olub, bir neçə albom buraxıb. Pol Nyuman, Salvador Dali və Fidel Kastro onun üçün poz veriblər və sonralar Cina onlar haqqında film çəkib. Aktrisa kinodan getdikdən sonra rəsm və heykəltəraşlıqla da məşğul olub. Həmçinin bir çox film festivallarında jüri üzvü və  fəxri qonaq olub. Həmişə də zahiri görünüşü ilə diqqətləri özünə çəkib. Yaşının bu çağında da onu gözəllik və dəb üslubunun ikonası adlandırırlar.