“Bakı Yay Caz Günləri” bu musiqini sevənləri yenidən bir araya gətirdi

 

Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı, Yunus Əmrə İnstitutunun (Türkiyə) dəstəyi ilə 6-7 iyul tarixlərində “Bakı Yay Caz Günləri” (Baku Summer Jazz Days) festivalı keçirildi.

Bu yayın multikultural caz dialoqu Heydər Əliyev Mərkəzinin parkında təşkil edildi. Pandemiya səbəbindən yaranmış ikiillik fasilədən sonra fəaliyyətini bərpa edən festivalın açıq səma altında konsertləri izləyicilərdə böyük təəssürat yaratdı.

İyulun 6-da konsert proqramını amerikalı cazmen və pianoçu Emmet Koen və onun rəhbərlik etdiyi “Emmet Kohen Trio” kollektivi açdı. Onlarla birgə səhnəyə tanınmış saksofon ifaçısı Patrik Bartli də çıxmışdı. “Qremmi” mükafatı laureatı olan Patrik Bartli multiinstrumentalist, bəstəkar və aranjimançıdır. O, həddən artıq universallığı, güclü səsi və ruhlandırıcı ifası ilə tanınır. Cazmenlər müəllif kompozisiyaları və improvizələrindən ibarət çıxışlarla Bakı tamaşaçıları və şəhərimizin qonaqlarının rəğbət və məhəbbətini qazandılar.

Festivalın möhtəşəm konserti daha sonra caz trubaçısı Firudin Həmidovun çıxışı ilə davam etdi. Hazırda Azərbaycanın ən məşhur gənclər qruplarından biri – “H3 Collective”in təsisçisi və rəhbəri olan Firudin Həmidovun fərqli ifaları Bakının caz ruhuna sanki sığal çəkdi. Kollektiv eysid-caz, fank-caz və müasir cazın digər janrlarında kompozisiyalarla çıxış etdilər.

Tələbələrin, caz musiqisi həvəskarları və turistlərin heyranlıqla izlədikləri konsert proqramı ölkəmizdə musiqiyə və xüsusən də caza yüksək marağın olduğunu bir daha sübut etdi.

***

İyulun 7-də festivalın proqramı məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvartetinin çıxışı ilə davam edib. Stokholmda böyüyən və 1990-cı ildən Nyu-Yorkda yaşayan musiqiçi Wallace Rooney, Joe Lovano, Jeff Williams, Cameron Brown, Viktor Lewis kimi ifaçılarla bir səhnəni bölüşüb.

İ.Erşahin konsert çərçivəsində Türkiyədən olan cazmenlərin iştirakı ilə “İstanbul Sessions” layihəsini də təqdim edib.

“Bakı Yay Caz Günləri” iki gün ərzində paytaxt cazsevərlərinə və şəhərimizin qonaqlarına unudulmaz təəssürat bəxş etdi.

Lalə