İyulun 12-də Xalq şairi Mirvarid Dilbazinin (1912-2001) vəfatının 21-ci ildönümü münasibətilə məzarı ziyarət edilib.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı Xalq şairinin yaradıcılığından söhbət açıb. Bildirib ki, vəfatından illər keçsə də, Mirvarid Dilbazi bu gün də sevilərək oxunur. Onun “Bənövşələr üstə göz yaşları” kitabı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril əlifbasından latın qrafikasına köçürülərək yenidən çap olunub.

“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov Mirvarid Dilbazinin 110 illiyi ərəfəsində silsilə tədbirlərin keçirildiyini bildirib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, şair Rafail İncəyurd, professor Rüstəm Kamal, şairin qızı Xatirə Dilbazi, Tarix İnstitutunun direktor müavini Əli Məhərrəmov və başqaları çıxış edərək Mirvarid Dilbazi  ilə bağlı xatirələrini bölüşüblər.