Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində Vətən müharibəsi şəhidi Rəşid Mədinovun xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi istifadəyə verilib.

Rəşid Nəzər oğlu Mədinov 1996-cı il aprelin 24-də Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Vətən müharibəsində Suqovuşan, Xocavənd və Füzuli uğrunda döyüşlərdə iştirak edən Rəşid artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıq göstərib. Onun son döyüşü oktyabrın 13-də Füzulinin Pirəhmədli kəndi yaxınlığında olub. Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhid olub. Dövlət başçısının sərəncamları ilə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

***

Şəki RMİ-nin əhatə etdiyi Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimovun və qəzetin redaktor müavini Elmira Mehdiyevanın müəllifi olduqları “Qarabağın fatehləri” və “Tarix yazan oğullar” kitablarının təqdimat mərasimi keçirilib.

Çıxışlarda vurğulanıb ki, müxtəlif xalqların nümayəndələrinin yaşadıqları Zaqatala rayonunun igid oğulları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində şücaət göstəriblər. Kitablarda onların döyüş yolundan söz açılır, qəhrəmanlıqları tərənnüm edilir.

***

Bərdə RMİ Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Lənbəran kəndində Qarabağ müharibəsi qazilərinin və kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirilib.

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova, şəhid ailələri, qazilər, kənd ziyalıları və ağsaqqallar çıxış edərək əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə keçirilən bu cür tədbirləri yüksək qiymətləndiriblər. Tədbirdə Qarabağ atları nümayiş olunub, gənclər milli oyunlarımızı təqdim ediblər.

Hazırladı: N.Məmmədli