Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun  Ağalı kəndinə köçürülən əhali üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mərhələli şəkildə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinə başlanılıb.

ANAMA-dan bildirilib ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən təlimlərin məqsədi sakinləri kəndin ətrafında fəaliyyət göstərəcəkləri zaman təhlükəsiz davranış qaydaları ilə tanış etməkdir.

2022-ci ilin 1 iyul tarixindən Bakıda başlayan təlimlər hazırda Zəngilan rayonunda davam etdirilir. Təlimlərdə vətəndaşlara mina təhlükəsinin izahı, şübhəli ərazilərin əlamətləri, tanış olmayan ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları, eləcə də təhlükə haqda məlumat vermə istiqamətləri barədə təlimatlar verilir. İştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşür və posterlər paylanılır.

Hər bir vətəndaş bilməlidir ki, öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə baş verə biləcək bəxbəxt hadisələrdən həm özünü, həm də yaxınlarını qorumuş olacaq.

Xatırladaq ki, yenidən qurulan Ağalı kəndinin ilk sakinləri – 10 ailə iyulun 19-da doğma yurda köçüb. İyulun 21-də  daha 10 ailə kəndə yola salınıb. Sakinlər Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşdıqları şəhərcikdən yola düşüblər. Ümumilikdə ilk mərhələdə Ağalı kəndinə 41 ailə (200 nəfər) köçəcək.