Ağalı kəndinə köçün ilk mərhələsi başa çatıb

 

İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın ilk qədəmləri olan Zəngilan rayonunun Ağalı kəndinə köçün birinci mərhələsi başa çatıb. İyulun 25-də daha 11 ailə doğma yurda ayaq basıb. 19-25 iyul tarixi arasında kəndə ümumilikdə  41 ailə (201 sakin) köçüb.

29 ildən sonra Vətənə qayıdan zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. Doğma yurda qayıdışın sevincini yaşayan sakinlər Zəngilanın havasını udub, suyundan içiblər.

Birgə nahardan sonra Ağalı sakinlərinə “Azercell”dən hədiyyələr, “Rahat” marketdən 100 manatlıq alış-veriş kuponları, “Azərsun Holdinq” tərəfindən ərzaq bağlaması təqdim edilib.

Sonra ailələrə evlərinin açarları verilib və kənd sakinləri yeni evləri ilə tanış olublar.

Ömrünün çox hissəsini Ağalıda keçirən 87 yaşlı Bənövşə Nuriyeva sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Köçkünlükdə çox çətinliklər çəkmişik. Amma ən böyük çətinliyimiz yurd həsrəti olub. Doğma kəndimizi heç vaxt yadımdan çıxarmamışam. Allaha şükürlər olsun ki, bu günü görmək mənə qismət oldu. Kəndimizə övladlarımla, nəvələrimlə qayıdıram. Allah Prezidentimizi, Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”.

Kəndin digər sakini Bəxtiyar Abdullayev isə bildirib: “Ağalı kəndində doğulmuşam, uşaqlığım burada keçib. Kəndimiz işğal olunanda 18 yaşım var idi. Ötən dövrdə Sumqayıt şəhərində məskunlaşmışdıq. Çox sevinirəm ki, 47 yaşım olsa da, bu gün öz torpağımıza, kəndimizə qayıtdım. Bizim üçün burada gözəl şərait yaradılıb. Artıq ikimərtəbəli, beşotaqlı evimiz var. Bundan sonra ailəmlə, övladlarımla öz kəndimizdə yaşayacağıq”.

Ata-baba yurdu Ağalıya gəlmək 13 yaşlı Vüsal Abdullazadə üçün ikiqat sevincli idi. Valideynlərindən kənd haqqında çox şey eşitdiyini deyən Vüsal buraya gəlməyi hər zaman arzuladığını bildirib. “Doğum günümdə ata yurduma gəlmək mənim üçün ən böyük sevinc oldu. Sevinirəm ki, burada yaşayacaq, burada da məktəbə gedəcəyəm”, - deyə o qeyd edib.