İllərin ayrılığından sonra doğma torpağa qayıdanların məskunlaşdırılması ilə bağlı vacib məsələlərdən biri də yerlərdə tibbi xidmətin təşkilidir.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov imzalayıblar.

Vüqar Qurbanov bildirib ki, Zəngilandakı Ailə Sağlamlıq Mərkəzi artıq istifadəyə hazır vəziyyətdədir: “Mərkəz tam təchizatlı bir mərkəzdir və orda həkim, orta tibb işçisi elektrokardioqramma müayinəsi, ultra-səs müayinəsi və digər lazımi müayinələr həyata keçiriləcək”.

Memorandum üç il müddətinə imzalanıb. TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması da həyata keçiriləcək.