Zəngilanda inşa edilən hava limanına ZZE – üçhərfli beynəlxalq kod təyin edilib. “Azərbaycan Hava Yolları”ndan bildiriblər ki, müvafiq qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişindaşımalarına dair konfransında (IATA Passenger Services Conference) qəbul edilib.

Hava limanına təyin edilmiş kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə edilərək yaradılıb.

IATA-nın üçhərfli hava limanı kodu sərnişin və yük aviadaşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovağzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və s. istifadə olunur.

Xatırladaq ki, Zəngilanda beynəlxalq hava limanının inşasına 2021-ci ilin yazında başlanılıb. Tikinti işlərinin bu ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır. Burada bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər. Hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, eni 60 metrdir. Terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.